Aİ Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərdə daha müasir qaydalar yaratmalıdır. Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Miriam Qarsiya məlumat verib.
“Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin ümumi mal ticarətinin təxminən 44,8 faizini təşkil edir ki, bu da Türkiyə (13,7 faiz), Rusiya (8,8 faiz) və ya Çindən (5,3 faiz) daha yüksəkdir”, - Qarsiya bildirib.
O, Aİ ilə Azərbaycan arasında güclü ticarət əlaqələrinin qurulduğunu vurğulayıb. İkitərəfli ticarətin ümumi həcmi 2021-ci illə müqayisədə 2022-ci ildə əhəmiyyətli dərəcədə - 120 faizdən çox artaraq, təxminən 15 milyard avrodan 33 milyard avroya çatıb.
“Lakin artım əsasən enerji sektorunda olub. Aİ ilə Azərbaycan arasında ticarət potensialının böyük hissəsi hələ reallaşdırılmayıb.
Bunun üçün biz iqtisadi əlaqələrə daha müasir müddəaları daxil etməklə ikitərəfli sazişimizi yeniləməliyik. Hesab edirik ki, bu müddəalara dövlət satınalmaları, xidmətlər, rəqabət, enerji və xammal, ticarət və davamlılıq qaydaları daxil edilməlidir. Bu, tərəflər arasında daha dərin qarşılıqlı fəaliyyət, ticarət və investisiya axınlarının diversifikasiyası və intensivləşməsi üçün əsas ola bilər”, - deyə Avropa Komissiyasının nümayəndəsi izah edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.