Azərbaycan Universiteti kitabxanasının daimi oxucusu, 69 yaşlı Seyidəxatun nənə də bu il diplom ala bilər, yaxud kimin belə nənəsi var?“Kitabxanamızın bir daimi oxucusu var, yəni bir deyəndə ki, daimi oxucularımız çoxdur, lap çox, lakin bu oxucumuz digərlərindən fərqlənir: həm yaşı, həm həvəsi, həm xeyir- duası, həm də ötürdüyü pozitiv enerjisi ilə. Onun nurani çöhrəsi çoxlarına tanışdı, Azərbaycan Universitetinin tələbə və müəllim kollektivinin çoxusu bu tanış simanı tez-tez görürlər. Belə ki, nəvəsinin daxil olduğu son dörd ildə bu ali məktəbə hər gün ayaq döymək bir yana, səhərdən axşamacan da oturub gözləmək, namaz qılıb, dini kitablar oxumaq, ətrafına xoş, pozitiv enerji ötürmək bax, məncə qazanılan əsl savab da elə budur. Zənnimcə bu 4 illik əziyyəti, hər gün ali məktəbin qapısından girəndə də, çıxanda da alqış-duaları müqabilinə nənəyə də simvolik bir diplom-təltifnamənin verilməsi universitetin reytinq tarixində ilk və yaddaqalan bir məqam kimi unudulmaz, eyni zamanda da digər nənələrə bir ismarıc, bir mesaj ötürmüş olar.
Nənələr cürbəcür olur: var şikayətçi nənələr, xəstəliyini əlində bayraq edərək ətrafındakılara da daim neqativ, mənfi enerji ötürənlər, var nəvəm mənə neynəyib ki, demək əvəzinə, mən nəvəmə neynəmişəm və neynəməliyəm devizi ilə yaşayanlar. Və müşahidələr göstərir ki, sonuncu qrupdan olanlar daha pozitiv, daha işıqlı və həm də, daha uzunömürlü olanlardır. Bizim Seyidəxatun nənə kimi. Həqiqətən də, bu bir aksiomdur ki, insanın daha uğurlu, daha enerjili, daha həyatsevər olmasında ətrafında olan - çalışdığı insanların da böyük rolu var. Seyidəxatun nənənin də gününü oxu zalında-kitablar əhatəsində keçirməsi, zənnimcə tələbələrin elmə, biliyə daha motivasiyalı olması üçün bir stimuldur həm də.
Müsbət auralı, pozitiv, işıqlı insan olmaq üçün yetər ki, həyatı, insanları və eyni zamanda özümüzü sevməyi bacaraq. İnsanları sevmək elə müəyyən mənada şəxsin özü-özünü sevməsi anlamına gəlir. Çünki həyatın fəlsəfəsindən yanaşsaq görmək çətin deyil ki, təsir əks təsirə bərabərdir və həm də həyat özü elə bumeranqdı. Deməli biz ətrafımıza nə ötürürüksə, elə onu da qəbul etmiş oluruq. Sadə dildə desək əgər biz həyata qara eynəklə baxarıqsa, deməli hər yeri qara görmüş oluruq və bunun müqabilində günümüz də şübhəsiz ki, qara keçəcək. Əziz nənələr, çalışın Siz də nəvələrinizdən ummaq əvəzinə özünüz onlara dəstək olmağı bacarın. Bu dəstək sadəcə bir xoş söz, bir xoş dilək, bir xeyir-dua da ola bilər. İnanın ki, ötürdüyümüz mənfi və ya müsbət enerji geci ya tezi mütləq özümüzə qayıdır bir gün. Kaş ki, hər birimiz digərlərinin uğurlarına sevinə bilsəydik, kaş ki, bir-birimizin yoluna tikan yox, gül düzənlərdən olsaydıq..”
Leyla Məmmədəliyeva