AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xocalı Soyqırımı: insanlıq əleyhinə cinayət" - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:14

    "Xocalı Soyqırımı: insanlıq əleyhinə cinayət" -

    Bakı, 25 fevral — Azadmedia.az


    25 fevral 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili, Azərbaycanlılara qarşı soyqırımın 107-ci və Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq "Xocalı Soyqırımı: İnsanlıq Əleyhinə Cinayət" adlı hibrid formatda anım tədbiri keçirilmişdir. Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin - Ombudsmanın Şimal Regional Mərkəzinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycanın suverenlik uğrunda apardığı mübarizənin tarixi, xalqımıza qarşı törədilmiş soyqırımların, o cümlədən Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanıdılması və bu hadisələrin milli kimliyimizə təsiri geniş şəkildə müzakirə olunmuşdur.
    Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə,
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın -Xocalı soyqırımı qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova vurğulamışdır ki, Xocalı hadisələri mülki əhalinin tamamilə məhv edilməsi məqsədilə həyata keçirilmiş soyqırımı aktıdır. O, hadisə zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü və onların taleyinin uzun illər naməlum qaldığını xatırlatmışdır.
    Çıxış edən AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Prof. Qasım Hacıyev bildirmişdir ki, Xocalı Soyqırımı tarixi faktlarla sübut olunmuş və erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı məqsədyönlü etnik təmizləmə siyasətinin ən dəhşətli nümunələrindən biridir. O həmçinin bu hadisənin təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edərək onun beynəlxalq hüquqi müstəvidə tanınmasının və hüquqi məsuliyyətin təmin edilməsinin vacibliyini vurğulamışdır.
    Daha sonra çıxış edən Quba RİH başçısının müavini xanım Səidə Abasova vurğulamışdır ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
    Öz çıxışında Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov Xocalı Soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən diplomatik və hüquqi istiqamətli işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, xüsusilə "Xocalıya Ədalət" kampaniyasının önəmini vurğulayaraq Azərbaycanın bir sıra ölkələrdə bu hadisənin soyqırımı kimi tanınmasına nail olduğunu bildirmişdir.
    Tədbirdə çıxış edən Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Xocalı Soyqırımının beynəlxalq hüquq normalarına əsasən insanlığa qarşı cinayət kimi tanındığını qeyd etmişdir. O həmçinin bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün insan hüquqları institutlarının və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinin vacibliyini vurğulamışdır.
    Qeyd edək ki, tədbirdə Quba RİH-nin, YAP-ın Quba rayon şöbəsinin, Ombudsmanın Şimal Regional Mərkəzinin, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qafqaz tarixi şöbəsinin, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tarix Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, Uşaq Musiqi Məktəbinin, Uşaq İncəsənət Məktəbinin, Soyqırımı Memorial Kompleksinin 50-ə yaxın əməkdaşı iştirak etmişdir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR