Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Bakı, 10 aprel — Azadmedia.az
Müasir Azərbaycan dövlətinin ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında mükəmməl inkişaf yolu keçərək, ölkəmizin Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü orduları sırasına daxil edilməsini təmin etmişdir.
Ümummilli Liderin dediyi kimi, “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.
Məhz bu diqqətin və qayğının nəticəsində Silahlı Qüvvələrimiz ən yeni müasir hərbi texnika ilə təchiz edilmiş, ordumuzun maddi-texniki təminatı yaxşılaşdırılmışdır, şəxsi heyətin hazırlığı artırılmışdır.
Eyni zamanda Ulu Öndər ordu qurucluğunun məqsədini çox aydın formada açıqlamışdır: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik…
Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq...”.
Bu sözlərinin tarixi əhəmiyyəti bir daha 44 günlük Vətən müharibəsində təsdiqini tapdı. Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misli görünməyən şücaət göstərərək və beynəlxalq hüququ döyüş meydanında bərpa edərək, torpaqlarımızı 30 ilə yaxın bir müddətdə davam etmiş işğaldan azad etdi və beləliklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu.
Bu böyük Zəfərin bünövrəsini məhz Ulu Öndərin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən ordu quruculuğu siyasəti təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.