AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxı fermerləri fəryad qopardı - HƏYƏCAN TƏBİLİ

  • + A
  • - A
  • 31-01-2017, 10:38

    «Cənab Prezident, Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlbir olan tanımadığımız bir şəxs 25 ildir məskunlaşdığımız 100 qışlaq yataqlarındakı 500 ailəni zorla qovub
    yataqlarımızın torpaq ərazilərini ələ keçirir» Pravdainfo.org-a daxil olmuş bir şikayəti həm də Şamaxı fermerlərinin fəryadı adlandırmaq olar. Şikayətçi sahibkarlar Hacı Əbülfəz, Hacı Şirinbala, Zahir Məmmədov, Vahid Əhmədov, Ağaheybət Heybətov və digərlərinin (cəmi 112 nəfər) imzaladığı şikayət məktubu Prezident İlham Əliyevə ünvanlıdır. Şikayətdə deyilir:
    -Cənab Prezident! Sizin son müşavirədə bir daha dünya iqtisadiyyatındakı vəziyyət və Azərbaycanın da bu problemlərə sinə gərməsi barədə söylədiklərinizi dövlət
    televiziyasının ekranından izlədik. Ölkəmizdə ərzaq məhsullarının qiymətinin artması, xüsusən də ət və ət məhsullarının qiymətindəki son artımlar biz qoyunçuluq
    təsərrüfatları ilə məşğul olan fermerləri ciddi narahat etməyə bilməz. Lakin Kənd Təsərrüfatı Nazirliyimiz olsa da, bu nazirliyin məsul işçiləri biz fermerlərin dərdini və
    problemini şəxsən dinləmədən özlərindən rəylər verir, təkliflər irəli sürürlər.
    Cənab Prezident, Siz isə aqrar sahənin inkişafı üçün əlinizdən gələni edir, Dövlət büdcəsindən hər il yüz milyonlarla manat yardımlar ayırırsınız. Amma yenə də daxili
    bazarlarımızın bir gözü xaricdən gətirilən keyfiyyətsiz ərzaqlarda qalır. Niyə? Bunun bizə aid olan bir səbəbini deyirik: biz qoyunçuluq təsərrüfatı ilə məşğuluq. Dövlətdən bir manat da yardım almırıq, ehtiyacımız da yoxdur. 25 ildir ki, Şamaxının qışlaq zonalarında məskunlaşmışıq, 100-dən çox qoyun yatağında 100 min başdan çox qoyun və digər heyvanlar saxlanılır. Hər yataqda 5-6 ailə, hər ailədə isə 4-5 nəfərdən hesablasaq, bu sahə ilə nə qədər insanın məşğul olduğu, ailəsini dolandırdığı, üstəlik, hər il 40-50 min baş qoyun-quzunun ölkə bazarlarına çıxarılıb satıldığı bəlli olar. Bu başqa mövzudur ki, biz əti orta hesabla 5-6 manata satdığımız halda, paytaxt bazarlarında həmin ət 10-12 manata satılır.

    Cənab Prezident! İndi bir arxalı şəxs və onun təmsil olunduğu bir şirkət qeyd olunan 100 qış yatağını və yaylaq torpaqlarımızı bizim əlimizdən almaq istəyir. Artıq bir
    müddətdir ki, həmin adını bizə dəqiq demədikləri şəxs Şamaxı rayon İcra Hakimiyyətində oturub və RİH rəsmilərinin xətti ilə hər yataq sahibinə (baş çobana) 10 min
    manat təklif edərək yataqdakı mülkü və tikililəri, aid torpaq sahələrini bizdən almaq istəyirlər. Özü də zor gücünə. Yuxarıda dedik, bizim bu yüz yataqda (Hacıqabuldan Kürdəmirə və şimaldan Şamaxıya qədər olan ərazilər) hazırda təkcə 100 min başdan çox xırda buynuzlu heyvan (qoyun-quzu) saxlanılır. Deməli, belə davam etsə və bizim bu adamlara gücümüz çatmasa, tezliklə Azərbaycanın bazarları 100 min baş qoyun-quzudan məhrum olunacaq. Bu isə bazarlardakı qiymətlərə görün bir müddət sonra nə qədər təsir edəcək. Əgər bu ərazilər dövlət ehtiyacları üçündürsə, canımız da bu dövlətə qurban olsun! Amma bilirik ki, bu danışıqlar anonim, gizli sövdələşmə ilə aparılır. 25 ildir tikib qurduğumuz çoban evlərimiz, qış yataqları, suvarma təsərrüfatları və digər qurğuların qiyməti 100-150 min manat olduğu halda, bizə 10 min manat təklif edirlər. Məqsəd isə bizlərə məxsus torpaq sahələrini ələ keçirməkdir. Hiss olunur ki, kimlərsə ayrılmış külli miqdarda vəsaiti bu yolla ələ keçirmək istəyir.
    Niyə bizim taleyimizi Allahın ümidinə buraxmaq istəyirlər??? Bizə çatan məlumata görə, həmin şirkətin adamları dövlətdən hansısa aqrar layihə bəhanəsi ilə yüz
    milyonlarla manat kredit vəsaiti götürmək istəyirlər. Kredit isə faktiki torpaq sahəsinə ayrıldığından onlar bu qədər təsərrüfatların torpaqlarına sahib olmaq fikrindədirlər.
    Cənab Prezident! Bu müraciətimizi Şamaxı qoyunçuluq təsərrüfatlarında çalışan çobanların fəryadı kimi qəbul edin. Ömrünü bu sahəyə həsr etmiş, qışın soyuğuna və
    yayın istisinə baxmayaraq min bir əziyyətə qatlaşan biz çobanlara köməyinizi əsirgəməyin. Əvvəldən minnətdarlığımızı bildiririk.
    Pravdainfo.org-dan: Müraciət Prezident İlham Əliyevin rəsmi saytına, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə, Şamaxı RİH-nə və digər dövlət qurumlarına göndərildi.
    Nəticəsi barədə əlavə məlumat veriləcək və fermerləri bu müraciətə təhrik etmiş və adı gizli saxlanılan şirkət barədə isə araşdırmamız davam edir…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR