AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub

  • + A
  • - A
  • 23-12-2016, 16:24

    İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub

















    Bir qrup Ağcabədi rayon sakini - kiçik sahibkarlar redaksiyamıza müraciət edərək, prezident İlham Əliyevə ünvanladıqları müraciətin işıqlandırılmasını xahiş ediblər.

    "Bizim uzun illərdir çalışdığımız bazar boşaldılır, bazarın qarşısında bələdiyyə küçə ticarəti yaradıb, işləyə bilmirik. Poçt vasitəsilə cənab prezidentə yazdığımız məktubları ona çatdırmırlar, bu səbəbdən 700 nəfər kiçik ticarətçinin adından müraciətimizi qəzet vasitəsilə çatırmağı rica edirik” - deyə rayon sakinlərinin müraciətində bildirilir.

    Ticarətçilər deyir ki, Ağcabədi bazarında sahibkarlıq fəaliyyəti ilə uzun illərdir məşğuldurlar:

    "Ancaq xeyli müddətdir ki, rayon bələdiyyəsi bazarın qarşısında, rayon mərkəzindəki küçələri bağlamaqla küçə ticarəti yaradıb. Bu üzdən illərdir dövlətə vergi ödəyən qanuni ticarətçilər artıq bazarda çalışa bilmir. Faktiki olaraq elə durum yaranıb ki, kimsə çörək qazanmaq istəyirsə, çıxıb küçə ticarəti ilə məşğul olmalıdır.

    Ağcabədi Rayon İcra Hakimiyyətinin küçədə alver edilməsi üçün verdiyi razılıq məktubu ilə bələdiyyə nəzarətində küçə ticarəti yaratmış bazar rayonun mərkəzindəki H.Hacıyev küçəsində gediş-gəlişi məhdudlaşdırıb, daim burada tıxac olur. Nəticədə əsas bazar tamamilə fəaliyyətsiz vəziyyətə düşüb. Faktiki olaraq səhər saat 6:00-dan 15:00-a kimi bazara giriş mümkün deyildir. Yaranmış bu vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsək də, inzibati amirlik hamını susdurur. İcra hakimiyyətinin razılığı ilə bələdiyyənin küçə ticarəti formalaşdırması vətəndaşlara yeni iş yerləri açılmasını təşkil etmək əvəzinə, iş yerlərinin məcburən bağlanmasına gətirib çıxarır”.

    Sakinlər qeyd edir ki, bazarın qarşısında yaradılan küçə ticarəti rayonun mərkəzi -H.Hacıyev və 28 may küçələrindəki ev və obyektlərdə baş verə biləcək hər hansı yanğın hadisəsi zamanı bura yanğınsöndürən maşınların, təcili yardımın girməsini əngəlləyir: "Həmçinin küçədə ayaq altında satılan kənd təsərrüfatı məhsulları və ərzaqlar qeyri-sanitar qaydada, tozun-torpağın içində alıcıya təklif olunur. Bu da infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər.

    Hansı ki, bazarın daxilində 300-dən artıq nümunəvi qaydada kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş piştaxtalar, köşklər var. Amma bazarı boş qoyub, küçə ticarəti formalaşdırırlar. Nəticədə biz dövlət büdcəsinə vergiləri verə bilmirik, çünki bazarda alver edilmir, küçə ticarəti ilə məşğul olmaqla isə ancaq bələdiyyəyə pul verilir, bu da şəxsi ciblərə gedir. Biz aidiyyəti qurumlara müraciət etdikdə isə təzyiqlərə məruz qalırıq".

    Sakinlər qeyd edir ki, yaranmış təhlükəli vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət edilib:

    "Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional İdarəsindən də 37-36-1445 saylı cavab məktubu ilə bildirilib ki, bazarın qarşısında küçə ticarəti yaradılması səbəbindən ərazidə hansısa fövqəladə hal, yanğın baş verəndə ora daxil olmaq üçün şərait yaradılmayıb. FHN-in regional idarəsinin bununla bağlı xəbərdarlıq məktubuna da icra hakimiyyəti məhəl qoymur, küçə ticarəti yığışdırılmır. Həmçinin bazarın rəhbəri Qəhrəman Quliyevin vergilər naziri Fazil Məmmədova da müraciəti var, orada bildirilir ki, bu bazar dövlətə ildə 60 min manatadək vergi ödəyib. Amma indi küçə ticarəti səbəbindən bazar boşalır, vergiləri, sosial müdafiə fonduna ödəmələri etmək mümkün olmur. Çünki küçə ticarətinə görə bazarda alver edənlər köşklərini təhvil verib çıxıb ya küçə ticarəti ilə məşğul olur, ya da alverdən tamam uzaqlaşır. Məsələ ilə bağlı bir bələdiyyə üzvü gəldi, bizimlə söhbətində dedi ki, bütün bu işlər icra başçısının razılığı ilə həyata keçirilir. Cənab prezident, siz islahatlar aparırsınız, büdcədən yayınmalarla mübarizəyə səsləyirsiniz, Ağcabədidə isə başçı, digər məmurlar küçə ticarəti yaradıb qanunsuz işlərlə məşğul olurlar. Xahiş edirik, rayondakı küçə ticarətinin aradan qaldırılmasında bizə köməklik göstərəsiniz”.

    Müraciəti Qəribova Rəsmiyə Əkbər qızı (AZE 15782591), İsgəndərova Elza Sevindik qızı (AZE 00501881), Abbasova Yaqut Becan qızı (AZE 07446512), Hüseynov Ədalət Fəti oğlu (AZE 14386240), Fərzəliyev Elvin Vəzir oğlu (AZE 08596586) və digər 70 nəfər eyni qaydada imzalayıb.

    Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

    Musavat.com


    İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub
    İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub
    İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub
    İcra Hakimiyyəti və bələdiyyə Ağcabədidə narazılıq yaradıb - 700 kiçik ticarətçidən prezidentə məktub


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR