AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azyaşlını "Mustang"la vurub öldürən polis HƏBS EDİLDİ

  • + A
  • - A
  • 1-05-2023, 15:52

    Azyaşlını "Mustang"la vurub öldürən polis HƏBS EDİLDİ


    Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib.

    Barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Telman Şəhriyar oğlu Kərimova hökm oxunub. 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu maşınla vuran və azyaşlının ölümünə səbəb olan polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

    Məhkəmə prosesində Telman Kərimov özünü təqsirli bilməyib. O, ifadəsində deyib: “Belə bir hadisənin baş verməsini heç zaman istəməzdim. Murad Əhmədovun həyatda qalması üçün hər cür addım atdım, onları xəstəxanaya çatdırdım. Özüm və yaxın qohumlarım tərəfindən bir neçə dəfə barışığa cəhd edilib. Maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hər cür addım atmağa hazıram”.

    Hadisə zamanı xəsarətlər alan Qənirə Əhmədova bildirib ki, qəza zamanı onlar yolu keçərkən güclü uğultu səsi ilə hərəkət edən avtomobil qəfil onları vurub: “Mən yolu keçərkən ortada yerləşən səkidə oğlum Muradla dayanaraq maşınların keçməsini gözlədim. Həmin vaxtı ağ maşın bizə yol verdi, oğlumun əlindən tutaraq yolu keçməyi qərara aldım. Yolu keçmək istəyərkən möhkəm uğultulu maşın səsi eşitdim və nə edəcəyini tam qərarlaşdıra bilmədiyimdən qarşı tərəfdə otluq qazon olduğundan həmin istiqamətə tərəf oğlum Muradla birlikdə qaçmaq qərarına gəldim. Lakin qaça bilmədik, “Ford Mustang” markalı maşın bizi vurdu. Hadisənin necə baş verdiyini tam anlamadım, yerdə uzanıqlı vəziyyətdə oğlum Muradın adını sayıqlayırdım. Bu zaman sonradan adının Telman Kərimov olduğunu bildiyim şəxs yaxınlaşaraq bizi maşınla vurduğunu bildirdi və təcili tibbi yardım çağırdı. Təqsirləndirilən şəxsdən şikayətçiyəm, ona ağır cəza verilməsini xahiş edirəm”.

    Mərhum azyaşlının atası isə bildirib ki, oğlu birinci sinfə gedəcəkmiş və cüdo idman növü ilə məşğul imiş: “Oğlum Murad Əhmədov 2021-ci ilin sentyabr ayından Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamışdı, Murad həmçinin 2022-ci ilin yanvar ayından etibarən cüdo idman növü ilə məşğul olurdu, müxtəlif idman yarışlarında iştirak etmişdi, 1-ci və 2-ci yerlərə layiq görülmüşdü və bununla bağlı diplomlar almışdı. Həmin gün mən növbədə idim, qardaşım zəng edib təcili “Neyrocərrahiyyə” xəstəxanasına gəlməyimi bildirdi, nə olduğunu demədi. Yolda olarkən arvadım zəng edib ağlayaraq baş vermiş hadisə barədə məlumat verib onları maşın vurduğunu, onu Sabunçuya apardıqlarını, lakin Muradın hara aparılması barədə məlumatı olmadığını bildirdi. Oğlum 6 gün komada qalandan sonra vəfat etdi”.

    Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR