Masallı, 5 may — Azadmedia.az
Mayın 5-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin müəllim və şagird heyətinin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarixin memarı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin Masallı şəhər S. Tağıyev adına 4 saylı tam orta məktəb üzrə qrup rəhbəri Elməddin Quliyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışıb.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin IT Help-desk ixtisas müəllimi Gülcahan Vəkilzadə Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixinin, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyinin, ölkə həyatında əldə edilmiş nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu qeyd edib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon ümümtəhsil məktəblərində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı layihə çərçivəsində həyata keçirilib.
Ülkər Piriyeva