AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi zəifdir - MÜSAHİBƏ

  • + A
  • - A
  • 15-05-2023, 12:46

    Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi zəifdir - MÜSAHİBƏ

    Azadmedia.az-ın gender bərabərliyi ilə bağlı suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov cavablandırır


    Azərbaycanda gender bərabərliyinin səviyyəsi sizi qane edirmi? Etmirsə nə üçün?

    Hər il Azərbaycanda gender bərabərliyinin təşviqi, təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Əldə olunmuş nəticələr göstərir ki, ötən illərlə müqayisədə ictimai həyatın demək olar ki, bütün sahələrində kişilərlə bərabər qadınların təmsilçiliyi artmış, onlar arasında işsizliyin səviyyəsi nəzərə çarpacaq dərəcədə azalmışdır. Qadınların qərar qebul etmə səviyyəsində təmsilçiliyinin artması arzuolunan məsələlərdəndir.
    Gender bərabərliyinin təminatı istiqamətində davamlı həyata keçirilən effektiv və vacib institusional addım gender məsələləri üzrə məsul şəxslər şəbəkəsinin genişləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsidir. Mərkəzi icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatlarında əlaqələndiricilərin kommunikasiyası gender bərabərliyi sahəsində maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaratmışdır.
    Məsələn, qadınlar üçün ənənəvi olmayan elektroenergetika sahəsində idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, son illərdə bu sahədə müəyyən inkişaf dinamikası mövcuddur. Lakin hələ də qadınların onlar üçün ənənəvi hesab edilən və kişilərlə müqayisədə üstünlük təşkil etdikləri sahələrdə rəhbər vəzifələrdə təmsilçiliyi zəifdir.

    Qadınlar əsasən daha çox təhsil (72,7%), səhiyyə və sosial xidmətlərin göstərilməsi (78,3%), peşə, elm və texniki fəaliyyət (44,8%), istirahət, əyləncə və incəsənət sahəsində (61,2%), maliyyə və sığorta fəaliyyəti (36,1%), su təchizatı və tullantıların tənzimlənməsi və emalı (35,8%) sahələrində fəaliyyət göstərirlər.


    - Bir çox qurumlarda kişi hegemonluğudur. Siz qurum olaraq etiraz etmisinizmi balansların pozulmasına?

    2022-ci ildə idarəetmənin müxtəlif sahələrində qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, bu sahədə müsbət inkişaf dinamikası mövcuddur. Gender bərabərliyinin, qadın liderliyinin təşviqi, qadınların məşğulluq imkanlarının artırılması, eləcə də məşğulluq sahələrində qadın təmsilçiliyinin artırılması ilə bağlı Komitə tərəfindən daim müxtəlif yönümlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin nəticəsi olaraq qadın hakimlərin sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 33 nəfər artaraq 124 nəfərə çatmış, Daxili İşlər Nazirliyi orqanlarında xidmət edən qadın əməkdaşların sayı 3973 nəfər təşkil etmiş, onlardan 63 nəfəri rəhbər vəzifələrdə çalışan qadınlar olmuşdur. Dövlət qulluğuna qəbul üzrə 2022-ci il ərzində keçirilmiş test imtahanında uğur əldə edən namizədlərin yaş və gender bölgüsünə əsasən qadın namizədlərin kişilərə münasibətdə göstəricisi 54.18% faizə yüksəlmişdir.

    - CEDAW-ın son hesabatı barədə məlumat maraqlıdır. Nə qədər irəliləmə, nə qədər geriləmə var, ötən illərə nisbətən?

    Azərbaycan Respublikası BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasına 1995-ci ildə qoşulmuşdur hər 5 ildən bir BMT-nin eyniadlı Komitəsinə dövrü hesabatları təqdim edir. Konvensiyanın Azərbaycanda yerinə yetirilməsi ilə bağlı CEDAW Komitəsinin 2022-ci il rəyində bu sahədə ölkədə həyata keçirilən fəaliyyətlər yüksək qiymətləndirilmişdir.
    Qadınlara qarşı ayrı‐seçkiliyin aradan qaldırılması prosesini sürətləndirmək və gender bərabərliyini təşviq etmək üçün institusional və siyasi çərçivənin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı", “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Bununla belə, CEDAW Komitəsi 2022-2025-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsini təxirəsalınmadan qəbul edilməsini, bütün nazirliklərdə və dövlət idarələrində gender məsələləri üzrə əlaqələndiricilər arasında səmərəli əlaqələndirmənin təmin edilməsi və onun icrası üçün adekvat texniki, maliyyə və insan resursları ayrılmasını və gender aspektlərini nəzərə alan büdcə prosesinin təmin olunmasını, təhsil materiallarında, kinematoqrafiyada və kütləvi informasiya vasitələrində ayrı-seçkilik xarakterli stereotiplərin və qadınlarla bağlı stereotipik təsvirlərin mövcudluğundan narahatlığını ifadə etmişdir.

    - Əvvəllər qadınlara neçə sahədə işləmək qadağan edilib, SEDAW-nun təzyiqi ilə neçəyə endirilib?

    "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 5 noyabr 2022-ci il tarixli Qanununa əsasən qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər bütün qadınlara deyil yalnız hamilə və bir yaşına çatmamış uşağı olan qadınlara şamil edilmişdir. Bu dəyişiklik qadın məşğulluğunun artırılmasına və daha geniş sahələri əhatə etməsinə imkan verir. Dəyişikliyə əsasən “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 nömrəli Qərarına yenidən baxılması və siyahıdakı peşələrin və işlərin sayının azaldılması nəzərdə tutulmuşdur.
    Mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204 müəyyən edilməsi gözlənilir. Nəticədə respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq.

    - CEDAW-ı 1 cümlə ilə necə ifadə etmək olar?

    Konvensiya qadınların reproduktiv hüquqlarını təsdiq edən gender rollarını və ailə münasibətlərini formalaşdıran təsiredici qüvvələr kimi mədəniyyət və ənənələri hədəfləyən yeganə insan hüquqları müqaviləsidir. O, qadınların öz vətəndaşlığını və uşaqlarının vətəndaşlığını əldə etmək, dəyişdirmək və ya saxlamaq hüquqlarını təsdiq edir.

    - Niyə İstanbul konvensiyasına qoşulmuruq?


    Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyasının bir çox müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə uzalşır. 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" Qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmiş, 2011 və 2012-ci illərdə isə bu Qanunun icra mexanizmləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Eyni zamanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planında 17 dövlət qurumu icraçı olaraq müəyyən edilmişdir.
    Milli Fəaliyyət Planının təsdiq edilməsi ilə bağlı Prezidentin 2020-ci il 27 noyabr tarixli Sərəncamında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməsi və icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Fəaliyyət Planında zərər çəkmiş şəxslərin müdafiəsində vəkillər, prokurorlar və polis orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi, yardım mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, zorakılığa yol verilməməsinin təşviqinə dair maarifləndirmənin aparılması habelə icraçı kimi müəyyən olunmuş aidiyyəti dövlət qurumlarına məişət zorakılığı sahəsində fəaliyyətlərin təkmilləşdirilməsinə dair bir sıra tapşırıqlar həvalə edilmişdir.
    Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyasına gələcəkdə qoşulma məsələsinə baxıla bilər.

    - Sizcə İstanbul Konvensiyaspnın məsuliyyəti
    CEDAW-dan çoxdu?


    CEDAW Komitəsinin tövsiyələrinin Azərbaycan Respublikasında həyata keçirilməsi qadınların bütün sahələrdə insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edir. Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitə (CEDAW) qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın icrasına nəzarət edən müstəqil ekspertlər orqanıdır. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş CEDAW qadınlar üçün ən mühüm insan hüquqları müqaviləsidir.
    Konvensiyanın 1999-cu ildə qəbul edilmiş Əlavə Protokoluna əsasən ona qoşulan ölkələrin yurisdiksiyası altına düşən şəxslər, şəxslər qrupu və ya onların adından CEDAW Komitəsinə fərdi şikayət (məlumat) göndərilə bilər. Bir şərtlə ki, Konvensiyada əks olunan hüquqlardan biri və bir neçəsi həmin şəxsə (qrupa) münasibətdə pozulmuş olsun və ya pozulması ehtimal edilsin. Konvensiyanın Əlavə Protokoluna Azərbaycan Hökuməti 2000-ci ildə qoşulmuşdur.
    CEDAW konvensiyasında dövlətlərin üzərinə qoyulan öhdəliklər İstanbul Konvensiyasından fərqli olaraq daha ümumi olsa da şikayət etmə mexanizminə malikdir. Hazırda dünyanın 193 ölkəsindən 186 -sı konvensiyanı ratifikasiya etmişdir.

    Maraqlı cavablar üçün təşəkkür edirım.

    Müsahibəni hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR