Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahilə Səmədovanın (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə 07 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, toydan qayıdan Sahilə Səmədova evinin həyətində olan mətbəxdə qızı ilə kürəkəni, zərərçəkmiş Nizam Həsənovun (ad və soyadı şərti) mübahisə etdiyini görüb. Bu zaman o, pərdə asmaq üçün istifadə olunan karniz və əli ilə Nizamın bədəninin müxtəlif nahiyələrinə zərbə vurub. Daha sonra Sahilə Səmədova mətbəx bıçağını götürüb qisas niyyəti ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə zərbə endirib.
Məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilib.
Qeyd edək ki, Sahilə Səmədova Qobustan şəhəri, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə xadimə işləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.