"AAAF Park"dakı "Uşaq Əyləncə Mərkəzi" qəzalı vəziyyətə düşün - İDDİA
Ötən saylarımızda Azərbaycanın tikinti sektorunda tikinti qaydalarına əməl olunmamasından yazmışdıq.
Yazımızda bildirmişdik ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Respublika Memarlar ittifaqının, yerli İH-lərinin memarlıq şöbələri demək olar ki, tikinti işbazları ilə sözün əsl mənasında bacara bilmirlər. Elə bu səbədəndir ki, illər öncə Yasamal rayonunun Murtuza Müxtarov küçəsində 16 mərtəbəli bina yerlə yeksan oldu. Baş vermiş qəza zamanı 25 nəfər insan həyatını itirdi. Onlarla insan müxtəlif dərəcəli xəsarət aldı. Ancaq təəssüflər olsun ki, bu faciədən sonra da tikinti işbazları digər insanların həyatlarını riskə qoyaraq öz maddi qazanclarını şişirtməklə məşğuldurlar.
Mövzunu konkretləşdirərək vurğulamışdıq ki, tikinti qaydalarının kobud formada pozulduğu, eyni anda yüzlərlə insanın həyatının (və ən acınacaqlısı budur ki, bu insanların əksəriyyətini uşaqlar təşkil edir) risqə qoyulduğu məkan "AAAF Park” Yaşayış Kompleksidir. Saytımıza verilən məlumatda deyilir ki, kompleksin ərazisində artıq iki ildir ki, fəaliyyət göstərən "Uşaq Əyləncə Mərkəzi”ndə hər an dəhşətli faciə baş verə bilər. Buna səbəb isə hal- hazırda əyləncə mərkəzinin yerləşdiyi binanın adi zəlzələyə davamiyyətinin olmamasıdır. Belə ki, uşaq əyləncə mərkəzinin binası əslində uzun illər öncə- ötən əsrin 70-ci illərində toyuq ferması üçün tikilib.
O zaman bildirirdik ki, hələ iki il öncə Vergilər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlamalar aparıldığı "AAAF Park” Yaşayış Kompleksinin yerləşdiyi ərazi 1960-cı illərdə yaradılan Abşeron Quşçuluq Fabrikinin ərazisi olub. Sonradan "Bakı Quşçuluq” ASC-yə çevrilən fabrikin ərazisinin hazırda həbsdə olan "Beynelxalq Bank”-ın İdarə Heyətinin sədri Cahangir Hacıyev tətəfindən özəlləşdirildiyi deyilir.
Saytımıza verilən məlumata görə, "AAAF Park” İnşaatın "Uşaq Əyləncə Mərkəzi”nə çevirdiyi 1200 kvadratmetrə yaxın ərazisi olan toyuq ferması vaxtilə sovet hökumətinin üstünlük verdiyi (əsasən sənaye kompleksilərinin tikintisində sürətlilik baxımından) hazır beton dirəklərin konstruksiyası ilə montaj olunub. Tikintisi zamanı istifadəsi 30-40 ilə hesablanan bu kimi fermalar zaman baxımından artıq təhlükəli həddədirlər.
Belə ki, Sovetlərin dağılmasından sonra uzun illər baxımsız qalan fermanın damı dağıldığına görə yağış suları beton dirəklərin dəmir materialından olan montaj hissəsini karroziyaya uğradıb. Bundan əlavə olaraq eni 20 metr, mərkəz hündürlüyü 4 metr olan ("Uşaq Əyləncə Mərkəzi”nin) toyuq fermasının orta hissəsində heç bir daşıyıcı dirək mövcud deyil. Və bu hal buradakı baş verə biləcək qəza halını daha da sürətləndirir.
Qlobal.az-a verilən son məlumata görə isə paytaxta yağan son qardan sonra "AAAF Park”da vəziyyət acınacaqlı duruma düşüb. Xüsusən də kompleksin "Uşaq Əyləncə Mərkəzi”nin ətrafında- ön və sol hissəsində torpaq səthinin yatdığı hiss olunur. Hətta ətrafa döşənmiş tamet plitələrə diqqət yetirəndə də torpaq səthinin çökdüyü görünür. Toyuq fermasının (hazırkı "Uşaq Əyləncə Mərkəzi”nin) ağır çəkili beton dirəklərinin də torpağa oturmaq ehtimalı yağan güclü qarın əriməsindən sonra daha da sürətlənib. Mütəxəssislərin fikrinə görə, bu cür konstruksiyalı fermalarda daimi dayanıqlılıq paralel xətt üzərində bərqərardır. Əgər bu tarazlıq hansısa çöküntü, zəlzələ və yaxud digər səbəblərdən azacıq pozularsa obyekt qəfil yıxıla bilər.
Qeyri iş günü olduğundan məsələ ilə bağlı aidiyyatı qurumların münasibətini öyrənə bilmədik.