Vəzifəlilər “Günay Bank”da batan milyonlarından imtina edir – ilginc gəlişmə
“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatı mənimsəməsi ilə bağlı qalmaqal böyüməkdədir. Yayılan iddialara görə Emin Zeynalov iddia edildiyi məbləği deyil, əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb “içəri” gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır...
APA-nın məlumatına görə, bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E.Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.
Əldə olunan digər məlumatlara görə, E. Zeynalov əslində “qara bazar”da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin “qeyri-leqal pul dövriyyəsi sxemi” qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Ən maraqlı məqam odur ki, onun vəsaitini mənimsədikləri insanlar arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir. Həmin şəxslər bankda batan pullarının mənbəyi, habelə digər əməliyyatları haqda suallarla üzləşməmək üçün müvafiq hüquq-mühafizə orqanlarına zərərçəkən kimi müraciət etməkdən vaz keçiblər.
Yada salaq ki, bu qalmaqalın üzə çıxdığı ilk günlərdə mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir. Yayılan məlumatdan belə aydın olurdu ki, bank rəhbərliynin müraciəti əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub. Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir. Bununla belə, E.Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar “Günay Bank” və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
Məmmədov qeyd edib ki, E. Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də “APA-Economics”ə bildirib ki, E. Zeynalovun “Günay Bank”dan 100 mln. manat məbləğində vəsaiti götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlar əsassızdır. “Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ”Günay Bank"da yoxlamalar aparır və bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər", - deyə o bildirib.
Musavat.com