Gəncədə rüşvət alarkən yaxalandı - Nazir 2 gün əvvəl yüksək vəzifə vermişdi (Video)
Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb
Baş Prokurorluğun mətbuat xidmətindən apa-ya verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.
Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar.
Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Azpolitika.info” qeyd edir ki, Gülçin Mirzəyevanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunması xəbəri 2 gün əvvəl açıqlanıb. Fevralın 16-sı yayılan xəbərdə bildirilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatında isə Gülçin Mirzəyevanın 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunduğu bildirilir. Məlumatlardakı bu zidiyyət maraq doğurmaya bilməz.
Eyni zamanda, nazir Əbülfəz Qarayevin Gülçin Mirzəyevanı Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin etməsi barədə sərancamının açıqlanmasından 2 gün sonra belə bir əməliyyatın keçirilməsi də diqqət çəkən faktdır…
Rüşvət görüntülərini APA TV-yə istinadla təqdim edirik:
VİDEOYA BULİNKDƏN BAXA BİLƏRSİNİZ