Bakının bu qəsəbəsini üfunət basdı: Dənizdə kanalizasiya boruları?
Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Hövsan çimərliyində acınacaqlı vəziyyət hökm sürür. Amma insanlar bu acınacaqlı mənzərədə hələ də dənizdə çimməyə davam edirlər.
Cebhe.info xəbər verir ki, mövsüm başlayandan dəniz sahilində aparılan müəmmalı işlər səbəbindən dənizin suyu çirkabla dolub. Ətrafa yayılan üfunətdən isə bu əraziyə yaxın durmaq belə qeyri-mümkündür. Artıq iki ildir ki, dənizin içərisindən yoğun dəmir borular çıxarılır.
Qeyd edək ki, ötən il də həmin ərazidə dənizdən sahilə kanalizasiya borularının çıxarılması işləri aparılırdı. Hətta fəhlələrlə söhbətimizdə işlərin hansı məqsədlə aparıldığı da məxfi saxlanılmışdı. Bu il də həmin işlər davam etdirilir. Belə ki, xüsusi texnikalar vasitəsilə vaxtilə dənizə çəkilmiş kanalizasiya boruları sahilə çıxarılır. Əraziyə çox sayda fəhlə və texnika cəlb edildiyindən dəniz suyu, eləcə də sahil ətrafı acınacaqlı duruma düşüb.
İnsanların istirahəti üçün demək olar ki, sahildə yer tapmaq müşkülə çevrilib. Yaxınlıqda yaşayan və bu çimərlikdən istifadə edən sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, dənizin suyunun bu vəziyyətə düşməsinə səbəb elə kanalizasiya borusunun sahilə çıxarılması olub. Borunun çıxarılması ilə məşğul olan fəhlələr isə ərazidə çəkiliş apardığımızı görüb, həmin yerdən uzaqlaşdılar.