Daha bir fırıldaq şirkət peyda olub: “5 manatlıq saatları…” – FOTOLAR
“LNS” MMC adı altında fəaliyyət göstərən bu şəxslər əsasən büdcə təşkilatlarında çalışanları hədəf seçir, onların maaşlarının azlığından istifadə edərək guya daha asan yolla varlanmağı vəd edirlər. Beləcə tora salaraq pullarını ələ keçirirlər”.
Bu sözləri “minval.info”ya göndərdiyi şikayət məktubunda adının açıqlanmasını təhlükəsizliyi naminə xahiş edən bir vətəndaş (kimliyi bizə bəllidir) yazıb.
Onun sözlərinə görə, özü və bir neçə qohumu artıq bu şirkətin qurbanlarına çevrilib: “Lakin bizə elə adamların adı ilə hədə-qorxu gəliblər ki, rəsmi şikayət də edə bilmirik. Ona görə də imkan daxilində adımın açıqlanmamasını xahiş edirik. Belə ki, LNS adlı şirkəti işlədən Hüseyn Nuriyev adlı şəxsdir. Özünü prezidentin vəkili adlandıran rejissor Ağalar İdrisoğlu ilə birlikdə 2014-cü ildə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub.
Sonradan hansısa sehrli əlin köməyilə məsuliyyətdən yaxa qurtarıb və yenidən dələduzluqla insanların pullarını ələ keçirməyə başlayıb. Plastik əməliyyat etdirərək simasını dəyişdirən Hüseyn Nuriyev özünə Əfruzə, Aynur, Əli, Validə, Nigar kimi yeni tərəfdaşlar toplayaraq guya Azərbaycanı dünyaya tanıtmaq adı altında sadəlövh insanların pullarını ələ keçirməklə məğuldur. Bu məqsədlə 3-5 manata “Sədərək” ticarət mərkəzində satılan saatları bizə satıblar.
Bildiriblər ki, biz də yeni üzvlər gətirib həmin saatlardan və ya başqa məhsullardan, məsələn, səyahət biletlərindən, ətir və kosmetik vasitələrdən satsaq, gəlir əldə edə bilərik. Təsəvvür edin ki, 2 manatlıq ətirləri 40 manata satırlar. Lakin bu şəbəkəyə qoşulandan sonra hər kəs aldandığını başa düşür, pulunu istəyəndə isə hədə və şantajla üzləşir. Bu zaman dəstəbaşçıları Hüseyn Nuriyevin adından bildirirlər ki, LNS şirkəti prezident İlham Əliyevə məxsusdur, onun xeyir-duası ilə yaradılıb. Ona görə də buradan alınan mallar qaytarıla bilməz”.
Şikayət məktubunda deyilir ki, onları həbslə təhdid edirlər: “Təəssüf edirəm ki, ali təhsilli olsam da sadəlövhlüyümdən bunların toruna düşmüşəm və çıxa bilmirəm. Mənim indiydək 1500 manatımı ələ keçiriblər, amma hələ 1 manat gəlir götürməmişəm. Hüseyn Nuriyev, Əfruzə, Aynur, Əli, Validə, Nigar və digər başda duran şəxslər isə pullarımızla tez-tez xaricə səfərlər edir, bahalı maşınlarda gəzir, restoranlarda nahar edirlər.