“Sibelcan” adı ilə kişiləri "tora" salan qadın -Bakıda ağlasığmaz cinayət
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dünya Cəfərova 2013-cü ilin aprel-sentyabr aylarında bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
Dünya Cəfərova başqa şəxsin təklifi ilə ayrı-ayrı şəxslərlə telefon əlaqəsi yaratmaqla, onlarla cinsi əlaqəyə girməyi, sonradan guya həmin şəxslər tərəfindən zorlanmaya məruz qalması barədə həqiqətə uyğun olmayan ərizələr yazıb.
Dünya Cəfərovanın tanışı həmiş şəxsləri iş yerinə dəvət edərək barələrində rüsvayedici məlumatlar olduğunu deyib və məlumatların yayılmaması üçün külli miqdarda pul tələb edib.
Dünya Cəfərova 2013-cü il mayın əvvəllərində başqa şəxsin ona verdiyi nömrəyə zəng edib. O, nömrə sahibi olan Bakı şəhər sakini Samir İsmayılov ilə əlaqə yaradıb və özünü “Sibelcan” adı ilə təqdim edib.
Dünya Cəfərova Samir İsmayılov ilə mayın 7-də intim əlaqəyə girib. Bundan bir gün sonra Dünya Cəfərova Samir İsmayılov tərəfindən zorlanması barədə ərizə yazıb. O, adı istintaqa məlum olmayan şəxs vasitəsi ilə həmin ərizəni Samir İsmayılova çatdırıb.
Araşdırma aparılması adı ilə həmin şəxs Samir İsmayılovu mayın 14-də özünün iş yerinə dəvət edib və şikayətçi qadına qarşı zor tətbiq etdiyinə görə barəsində cinayət işi başlanacağı və cinayət məsuliyyətinə cəlb ediləcəyi təqdirdə intim həyatı ilə bağlı rüsvayedici məlumatların yayılacağını deyib. Onlar Samir İsmayılovdan 8 min manat tələb ediblər.
Bundan sonra Dünya Cəfərova “Sibelcan” adı ilə Biləsuvar rayon sakini Vasif Kiçikəliyevə zəng vurub.
O, mayın 24-də Vasif Kiçikəliyev ilə görüşərək intim əlaqədə olub. Daha sonra Vasifin dostu Fərrux Eyvazov da özünü “Sibelcan” kimi təqdim edən Dünya Cəfərova ilə cinsi əlaqəyə girib.
Daha sonra Dünya Cəfərova guya iki dost tərəfindən zorlanmasına dair hüquq-mühafizə orqanlarına ərizə yazıb. Bu adla həm Vasif Kiçikəliyevə və həm də Fərrux Eyvazova hədə-qorxu gələrək hər birindən 10 min manat tələb ediblər. Həbs olunacaqlarından qorxuya düşən iki dost onun və onunla birlikdə hədə-qorxu gələnlərə 10 min manat veriblər.
Daha sonra Dünya Cəfərova “Tanya” adı ilə İmişli rayon sakini Qaçay Əliyevə zəng edib. Qaçay Əliyev ilə tanış olan Dünya Cəfərova həmin gün onunla cinsi əlaqəyə girib. Dünya Cəfərova sonra Qaçay Əliyevin dostu Fəxrəddin Cəlilov ilə görüşüb. O, Fəxrəddin Cəlilov ilə də cinsi əlaqədə olub.
Hər iki dostla cinsi əlaqədə olan Dünya Cəfərova başqa tanışı vasitəsi ilə onları şantaj edib və hər birindən 3000 min manat tələb edib. O, Fəxrəddin Cəlilovdan 3000 manat ala bilsə də, Qaçay Əliyevdən pul ala bilməyib. Tələb olunan pulu tapa bilməyən Qaçay Əliyev hüquq-mühafizə orqanlarına şikayət edib.
Dünya Cəfərova 2014-cü ilin iyulun 17-də həbs edilib.
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünya Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Dünya Cəfərova apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona həbs olmayan cəza ilə cəzalandırılmasını xahiş edib.
Dünya Cəfərovanın şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Dünya Cəfərovanın şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Dünya Cəfərova Ali Məhkəməyə müraciət edib. Dünya Cəfərovanın şikayəti təmin edilməyib.(Teleqraf.com)