Erməniləri təxribat törətdi, Zakir Həsənov izlədi - VİDEO
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.
Nazirlikdən bildirilib ki, Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.