DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Fevralın 5-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 150, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
***
Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü - Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına üçün YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə S.Ağayev ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
***
Zaqatalada narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.
***
Fevralın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Polis əməkdaşlarının fevralın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
***
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
***
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 7 tüfəng, 5 patron darağı və 86 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
***
Qadını şantaj edən şəxs tutulub
Paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.