Bakıda yol çökdü – FOTO
Bakının Yasamal rayonu Şamil Əzizbəyov küçəsində Üzeyir Hacibəyovun ev müzeyinin qarşındakı yolun asfalt örtüyü çöküb.
Bu barədə məlumatı Axar.az-a Şamil Əzizbəyov küçəsində yaşayan sakinlər verib. Onlar yolun bu vəziyyətə düşməsində Azərsu ASC-ni günahlandırıblar. Belə ki, sakinlər Azərsu ASC-ni təmir işi apardıqdan sonra keyfiyyətli asfalt örtük çəkməməkdə ittiham ediblər.
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qurumun apardığı qazıntı işlərindən sonra yolun asfaltlanması onların səlahiyyətində olan məsələ deyil:
“Biz təmir bitdikdən sonra əks-dolğu işlərini həyata keçiririk. Yolu isə hansı idarənin balansındadırsa, o qurum da asfaltlayır. Buna baxmayaraq, məsələni diqqətdə saxlayacağıq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə açıqlamasında məsələnin araşdırılacağını bildirib:
“Şamil Əzizbəyov küçəsi ilə bağlı bizə hər hansı şikayət daxil olmayıb. Amma oradakı vəziyyətlə bağlı əməkdaşlarımıza məlumat veriləcək. Əgər təhlükəli vəziyyət varsa, aradan qaldırılması üçün ciddi tədbirlər görüləcək”.