Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürənlərin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsarətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.