5 tələbənin həyatını məhv edən sürücünü 7 ildən 12 ilə qədər həbs gözləyir
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Digər tələbələr isə müxtəlif xəsarətlər alıblar. 5 nəfərin ölümünə səbəb olan sürücü Namiq Hüseynovu hansı cəza gözləyir? Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzVision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Ekspertin fikrincə, onun "sürücülük hüquqi varsa" hissəsi xüsusi vurğulanmalıdır: "Ola bilər ki, sürücünün "D" kateoqriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub.
Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”. Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq: "Bu maddəyə əsasən sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.
Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.