AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akif Çovdarovun məhkəməsində zərərçəkmiş və şahidlər yoxa çıxdı

  • + A
  • - A
  • 30-03-2017, 10:01

    Akif Çovdarovun məhkəməsində zərərçəkmiş və şahidlər yoxa çıxdı















    Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

    Qeyd edək ki, dalbadal ikinci iclasdır dəvət edilən zərərçəkmiş və şahidlər prosesə gəlməkdən boyun qaçırdıqları üçün məhkəmənin işi az qala stupor vəziyyətinə düşüb. Ötən iclasda cəmi üç nəfər ifadə vermişdisə, bu gün ifadə verənlərin sayı altı nəfər oldu, lakin onlardan 3 nəfərinin məhkəməyə nəyə görə dəvət edildikləri, demək olar ki, məlum olmadı.

    İndi isə məhkəmə zalında baş verənlər barədə xronoloji ardıcıllıqla.

    “Qızıma ev aldım, nəvəmin 1 yaşını yeni mənzildə qeyd etdik”

    Mərhum Azər Quliyevin iddiası əsasında baxılan epizod üzrə bir neçə şahid ifadə verib. Xatırladaq ki, zərərçəkmişin ifadəsinə əsasən, 2008-ci ildə Akif Çovdarov yaşayış binalarının tikintisi ilə məşğul olan "Azərtikinti-ATF” MMC-nin direktoru Azər Quliyevi o vaxtkı idarə rəisi, təqsirləndirilən Səlim Məmmədovun vasitəsilə MTN-ə çağırıb. Müxtəlif bəhanələrlə, həbs etdirəcəyi ilə hədələyərək, Akif Çovdarov zərərçəkmişdən 2 mənzilin ona verilməsini tələb edib.

    İfadəyə görə, daha iki mənzil Səlim Məmmədovun yaxın dostu Kazım Bağırovun adına rəsmiləşdirilib.

    Epizod üzrə ifadə verən şahid Rəhman Məmmədov bildirib ki, 2015-ci ildə ev alqı-satqısı ofisi vasitəsilə “Həzi Aslanov” metro stansiyasının yaxınlığında “Babək-94” MTK-nın inşa etdiyi binada qızı Günay Hüseynovanın adına sahəsi 96 kvadrat metr olan mənzil alıb. Şahid mənzili MTK-dan deyil, mənzilin keçmiş sahibəsi Ulduz Nəcəfovadan aldığını və həmin qadına 46 min manat ödədiyini qeyd edib. Rəhman Məmmədov 2015-ci ildə nəvəsinin 1 yaşını da yeni mənzildə keçirdiklərini sözlərinə əlavə etdi.

    Rəhman Məmmədovun qızı, 24 yaşlı Günay Hüseynova da şahid qismində ifadə verib. O, evi atasının aldığını deyib və mənzillə bağlı hər hansı problemin yaşanmadığını bildirib.

    Evin keçmiş sahibəsi, epizod üzrə şahid Ulduz Həsənova mənzili nə vaxt aldığını dəqiq xatırlamadığını dedi. Onun sözlərinə görə, “Babək-94” MTK-dan aldığı mənzilin pulunu Fəxrəddin adlı şəxsin yanında MTK-nın ofisində işləyən başqa bir adama verib. 2015-ci ildə mənzili Rəhman Məmmədova satdığını və mənzilin Günay Hüseynovanın adına rəsmiləşdirildiyini bildirən şahid yaşadığı müddətdə mənzillə bağlı heç bir problemin olmadığını dedi.

    Sözün açığı, bu üç şahidin məhkəməyə nə üçün gəldikləri və onların ifadələrinin epizodda hansı rola malik olması heç kimə aydın olmadı. Bəlkə də bu səbəbdəndir ki, vəkillərdən heç birinin onlara ünvanlı sualı tapılmadı.

    “Şərurlu İsfəndiyar” şahid qismində ifadə verdi

    Epizod üzrə növbəti şahid kimi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov ifadə verdi.

    O, ifadəsində qeyd etdi ki, zərərçəkmiş Azər Quliyevin həmtəsisçisi olduğu “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev sifarişçi "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb.

    Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb.

    Şahid İ.Axundov bildirdi ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-in sifarişi ilə tikilməyib. Həmin binanın sifarişçisi “Orxan” MMC, podratçısı isə “Azərtikinti ATF” MMC olub.

    Şahid İ.Axundov həmçinin bildirib ki, MTN-lə bağlı qalmaqal başlayan zaman Azər Quliyev cəzaçəkmə müəssisəsindən Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə ondan şikayət edib və ondan böyük məbləğdə pul alınmasını tələb edib. Ancaq araşdırmanın sonundab həmin məsələ ilə bağlı MTN əməkdaşları həbs olunublar.

    Daha sonra şahidə prokuror tərəfindən suallar verilməyə başlayıb. Prokuror şahiddən apardığı işlərin MTN-ə aid olub-olmadığını soruşub. Şahid isə apardığı tikintilərin MTN-ə heç bir aidiyyatının olmadığını və həbs olunan şəxsləri tanəmadığını deyib. Şahid həmçinin bir çox məsələləri xatırlamadığını bildirib. Prokuror şahidə istintaqa geniş ifadə verdiyini xatırladıb. İsfəndiyar Axundov istintaqda müstəntiqin onun ifadəsini yanında olan hüquqşünasının sözlərindən yazdığını deyib. “Mən dedim ki, nə məsləhətdirsə yazın, müstəntiq də yazdı”.

    Digər şahid Alim Əlizadə isə 2006-2008-ci illərdə “Orxan” MMC-də icraçı direktor vəzifəsində çalışdığını deyib və həmin dövrdə sözügedən məsələlər barədə xəbərsiz olduğunu qeyd edib.

    “Texmarin” şirkəti iki həmtəsisçi arasında necə bölündü

    “Texmarin” MMC-nin həmtəsisçisi Arif Həsənovun iddiası üzrə baxılan epizodla bağlı bu gün şahid qismində “Azərbaycan Beynəlxalq Konsaltinq Şirkəti”nin direktoru Natiq Abdullayev ifadə verib.

    Xatırladaq ki, zərərçəkmiş Arif Həsənov təqsirləndirilən Akif Əliyevin ondan 200 min dollar aldığını bildirmiş və həmin pul zərərçəkmişə Akif Çovdarovun yaxınları tərəfindən qaytarıldıqdan sonra heç bir şikayətinin və tələbinin qalmadığını qeyd etmişdi.

    Şahid Natiq Abdullayev ifadəsində bildirib ki, onun rəhbərlik etdiyi şirkətin ofisinə dörd nəfər – MTN əməkdaşları Füzuli Əliyev, Natıq Alıyev və “Texmarin” MMC-nin həmtəsisçiləri Arif Həsənovla Səhrab Allahverdiyev gələrək, şirkətin notarial qaydada həmtəsisçilər arasında bölünməsi ilə bağlı müqavilə hazırlamaq istədiklərini deyiblər.

    Danışıqlar nəticəsində Səhrab Allahverdiyev şirkətin ofisinə, Arif Həsənov isə şirkətin özü ilə avadanlıqlarına sahib durmaq istədiklərini təsdiqləyiblər.

    Şahid qeyd etdi ki. şirkətinin qonorarı 3000 manat həcmində müəyyənləşdirilsə də, sonradan həmin pulu tərəflərdən ala bilməyib.

    Vəkillərin və dövlət ittihamçılarının suallarını cavablandıran Natiq Abdullayev həmtəsisçilərin şirkətin ofisinə MTN əməkdaşlarının təzyiqi ilə deyil, könüllü olaraq gəldiklərini və çox normal şəraitdə ədalətli bölgü aparıldığını dedi.

    Məhkəmənin növbəti iclası bazar ertəsi, aprelin 3-nə təyin olundu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR