AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Eldar Mahmudov çetesi”nə ev dustaqlığı verilməsinin sirri

  • + A
  • - A
  • 12-04-2017, 10:03

    “Eldar Mahmudov çetesi”nə ev dustaqlığı verilməsinin sirri
















    Azərbaycanın məhkəmə praktikasına diqqət edəndə belə təəssürat yaranar ki, qətimkan tədbirinin bir növü - həbs var...

    Azərbaycan qanunvericiliyində qətimkan tədbirinin 10 növü var. Cinayət Prosessual Məcəlləsinə görə şəxs haqqında qətimkan tədbiri seçilərkən, 10 növdən birinə müraciət oluna bilər. Azərbaycanın məhkəmə praktikasına diqqət etsək, hər gün seçilən qətimkan tədbirlərinə nəzər salsaq, belə təəssürat yaranar ki, qətimkan tədbirinin bir növü - həbs var. Qalanları isə elə kağız üzərində qalmaq üçün yazılıb. İstisnalar da yox deyil.

    Cinayət Prosessual Məcəlləsinə (CPM) əsasən, 10 belə tədbir var:

    Ev dustaqlığı
    Girov
    Həbs
    Başqa yerə getməmək haqqında iltizam
    Şəxsi zaminlik
    Təşkilati zaminlik
    Polisin nəzarəti altına vermə
    Nəzarət altına vermə
    Komandanlığın müşahidəsi altına vermə
    Vəzifədən kənarlaşdırma.

    Bu tədbirlər təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən seçilə bilər. İlk 3 tədbir - həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxs barəsində seçilir. Nəzarət altına vermə - yalnız yetkinlik yaşına çatmayan şəxs barəsində, komandanlığın müşahidəsi altına vermə - yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi dövrdə hərbi mükəlləfiyyətli şəxs barədə seçilə bilər.

    Ümumiyyətlə isə hər bir halda həbs-qətimkan tədbirinin seçilməsi zəruri deyil. CPM-ə görə, qətimkan tədbirləri təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və təqsirləndirilən şəxs tərəfindən müəyyən hərəkətlər edilməsi ehtimalına kifayət qədər əsas verir. Ali Məhkəmənin sədri Ramiz Rzayev hələ 2009-cu ildə Azərbaycanda hakimlərin qətimkan tədbiri kimi həbsə üstünlük verdiklərindən narahat olduğunu bildirmişdi. O, bu məsələdə ciddi dəyişikliyin olacağına ümid etdiyini də açıqlamışdı. Ali Məhkəmədən verilən məlumata görə, bunun üçün xüsusi əyani vəsaitlər hazırlanıb hakimlərə təqdim olunub. Amma vəziyyət dəyişmir. 2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbiri seçilməsi prokurorluğun səlahiyyətində olub. 2000-ci ildə isə bu səlahiyyət məhkəmələrə verilib. Məqsəd insanların hüquqlarının daha yaxşı qorunmasını təmin etmək idi. Hüquqşünaslar deyir ki, üstündən 10 il keçsə də, məhkəmələr bu səlahiyyətdən istifadə eləmir.

    Azərbaycanda ən çox həbs-qətimkan tədbirinin tətbiq edilməsi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən müstəntiqlərin şəxsi maraqlarından çıxış etmələri haqda iddialar var. Məsələn, təqsirləndirilən şəxs barəsində kifayət qədər sübut olmayanda belə müstəntiq, yaxud da prokuror fikirləşir ki, şəxsi həbsdə saxlamaqla onun barəsində ittihamedici faktlar toplamaq daha asan olacaq. Digər maraqlar da var.

    Maraqlı bir araşdırma isə 2008-ci ildə aparılmışdı. Həbs qətimkan tədbirlərinin qanuni əsaslılığı yoxlanılmışdı. Üzə çıxmışdı ki, prokurorlar tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olunan müraciətlərin 98 faizini məhkəmələr təmin edib. Bu hala hətta Ali Məhkəmə rəhbərliyi də təəccüb etmişdi. Eyni zamanda məlum olmuşdu ki, prokurorların yazdıqları təqdimat cümləbəcümlə məhkəmələrin qərarlarında təsbit olunur.

    Açıq mənbələrdə - Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının saytlarında çıxarılan qətimkan tədbirləri və növü haqda məlumatlar yoxdur. Bunun özü də qətimkan tədbirlərinin seçilməsi zamanı həbs növünə müraciətlərin çoxluğunu şərtləndirir. Açıq mənbələrdə belə bir məlumatlar olsaydı, yəqin ki, bu gün başqa bir mənzərə müşahidə edilərdi.

    Hazırda məhkəmələrin nadir hallarda müraciət etdikləri qətimkan tədbirlərindən biri də ev dustaqlığıdır. Bu yazını hazırlayarkən vəkillərlə əlaqə saxlayıb barəsində həbslə əlaqəli olmayan tədbir seçilmiş şəxslər haqda məlumat istədik. 5 vəkildən heç biri belə bir tədbirin seçilməsini xatırlaya bilmədi. Bu gün barəsində ev dustaqlığı seçilən şəxs ləğv olunmuş MTN-in Əməliyyat Texniki İdarəsinin sabiq rəisi Natəvan Mürvətovadır. Eldar Mahmudovun müavini general Hilal Əsədovun da ev dustağı edilməsi, onunla paralel MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərarın verilməsi haqda bilgilər zaman-zaman mətbuatda yayılıb. Eldar Mahmudovun özünün statusu isə bilinmir. Onun barəsində qətimkan tədbirlərindən hansının seçilməsi haqda məlumat yoxdur. (musavat.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR