“Prokat” paltar, uşağın bayram pulu, ... - Yanan yataqxanadan insan taleləri... - Reportaj
Yanğın söndürüləndən sonra Günel ilk dəfə evinə girir. Oğlunun əlindəki eynəyin salamat olduğunu görüb sevincək qışqırır:
- Şükür, eynəyin yanmayıb!
Yəhyayeva Günel bu gün günorta saatlarında Şərifzadə 1 ünvanında yanmış binanın sakinlərindən biridir. Ailəsi ilə birgə 15 ildir ki, bu yataqxanada məskunlaşıblar. Ağdamın Mərzili kəndindən məcburi köçkündürlər. Oğlunun 10, qızının 8 yaşı var. Həsən və Leyla. Yanğın anını belə xatırlayır:
- Yoldaşım bərbər işləyir. Günorta “obed”ə gəlmişdi. Yemək yedik, sonra bir az uzandıq ki, dincələk. Yuxu tutub yatmışıq. Bir də onda oyandım ki, uşaqlar qışqırışır: “Evimiz yandı! Evimiz yandı!” Balkondan baxdıq ki, tüstü aləmi bürüyüb, binanın birinci mərtəbəsi yanır. Elə uşaqları da götürüb həyətə qaçdıq. Evdən bir çöp də çıxara bilmədik. Həsənin bayram pulları da yandı...
Həsən Günelin oğludur. Bu il ibtidai sinifi bitirir deyə sabah kollektiv birgə bayram keçirəcəkmiş. Həsənin bayram libasını Günel “prokat”a götürübmüş. Yanğın zamanı geyimlə birgə sinif uşaqlarının topladığı 400 manata yaxın pul da yanıb. İndi Günel bilmir hansına yansın, yanıb kül olan evinəmi, ya uşağın bayram pullarınamı?!
Bir neçə il əvvəl binanın sakinlərinə köçürüləcəkləri barədə məlumat verilsə də, köçürülmə illərdi ləngiyir. İllərdi məcburi köçkünlər bu şəraitsiz yataqxanada iç-içə yaşayırlar.
Kənardan səslər gəlir:
- Erməninin əlindən qaçdıq gəldik bura, bura da yandı!
Sakinlər yavaş-yavaş evlərinə doluşur. Evinin yanıb kül olduğunu gördükcə mərtəbələrdən buna bənzər səslər gəlir.
Həsənlə Leyla hələ balacadır. Nə baş verdiyini dərk etmirlər. Otağı gəzirlər. Yanıb büzüşmüş əşyaları yerdən qaldırır, diqqətlə baxır, yerə atırlar. Deyəsən, oyuncaqlarını axtarırlar.
Şkafındakı paltarları belə yanmış Günel iki uşağıyla birgə bu gecə harada gecələyəcəyini düşünür. Onlara müvəqqəti çadırların qurulacağı vəd edilib. Lakin sakinlərin çadırda necə qalacaqları haqda təsəvvürləri yoxdur. Çadır fikri onları qorxudur. Binalarının təmir olunub onlara qaytarılmasını da istəmirlər. Onlar yeni bina tələb edirlər. Qərar isə gün sonuna qədər veriləcək.