160 namizəd prokurorluq orqanlarına imtahan verib Azərbaycan prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.
Bu barədə Azadmedia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə, ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib.
2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilmiş gənc hüquqşünaslar hazırda prokurorluğun kadr korpusunun 70 faizini təşkil etməklə, təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.
Martın 17-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilib.
Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında, koronaviris pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə uyğun olaraq keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.
İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 160 namizəd (o cümlədən 26 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
"Azərbaycan Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat yerləşdiriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar", - Mətbuat xidmətindən bildirilib.