Dənizdə batan 5 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 12 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AzadMedia.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı biri yataq xəstəsi və ikisi azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.
Həmçinin iyulun 17-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.