Azərbaycanda nazirin qardaşı oğlu məhkəməyə çağırıldı
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.
Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi məhkəmə prosesi davam edib.
Prosesdə təqsirləndirilən S.Nəbiyev ifadə verməkdən imtina edib.
Daha sonra zərərçəkmiş Əlikram Camalovun oğlu Əkbər Camalov dindirilib. O bildirib ki, 2015-ci ilin noyabr ayında S.Nəbiyev atasından 1163 dollar pul verib: "Həmin puldan isə 3600 manat qaytarıb. Digər pulları isə verməyib".
Hazırda proses davam edir.
Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.
Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.