Bakıda toz dumanının səbəbi bilindi - Təhlükəli toz bir az da artacaq
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Nazirlikdən bildiriblər ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.