Bakıda “saxta” polislər tutuldu (FOTO)
Polisin cəmiyyətdəki yüksək və işgüzar imicinə xələl gətirmək məqsədi güdərək özlərini qanun keşikçiləri kimi təqdim edən mütəşəkkil dəstənin üzvləri daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ifşa olunub.
Yenicag.az xəbər verir ki, Bakı şəhər sakini Fazil Qədimov Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək özlərini polis əməkdaşları kimi təqdim edən naməlum şəxslərin ona hədə-qorxu gələrək 300 manatını aldıqları barədə məlumat verib.
Məlumatla əlaqədar Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.
H.Ağayevə məxsus "BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq, kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları, polis forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin ətrafında aparılan əlavə tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə eyni üsulla hədə-qorxu gələrək onlardan ümumilikdə 3540 manat almaları da müəyyən edilib.