Silah anbarında partlayış: 6 kənd boşaldıldı (YENİLƏNİB/FOTO/VİDEO)
Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.
"Report"un Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.
Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.
Bakı-Quba yolu bağlanıb.
***
11.15
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.
Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.
Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
APA-nın əldə etdiyi məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.
***
10.57
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.
"Qaynarinfo" xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub.
İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
***
10.31
Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.
"Qaynarinfo" xəbər verir ki, bu barədə oxu.Az-a hadisə şahidləri məlumat veriblər.
Əərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.