Azərbaycanda da yayılan H3N2 virusundan dünyada yarım milyon adam ölüb
Səhiyyə Nazirliyi "İnfluenza”nın profilaktikası üçün barmağını da tərpətmir Ölkədə epidemiya baş alıb gedir, baş epidemioloq hələ virusun adını bilmir
Bir aya yaxındır ölkə epidemiyanın cəngindədir. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə iddia edib ki, "ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür”. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, qarşısını almaq mümkündür. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur.
Xəstəlik donuz və quş qriplərinin əlamətini daşıyır
Amma xəstəlik kütləvi yayılıb və vəziyyət də kifayət qədər narahatvericidir. Əgər durum baş epidemioloqu narahat etmirsə, bu, başqa məsələ. İstərsəniz adına pnevmoniya (sətəlcəm) deyin, istərsəniz quş və ya donuz qripi, heç fərq etməz, bu, bir bəladır. Yeri gəlmişkən, quş qripi dediyimiz H5N1 ilə yoluxmada da adi fəsil qripləri zamanı rast gəlinən əlamətlər qeyd edilir: hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları, baş ağrısı, ümumi zəiflik, bəzən ishal, ürəkbulanma və qusma. Bu qripin əlamətləri virusla yoluxduqdan 3-5 gün sonra başlayır və adətən 8-9 gün davam edir. Donuz qripinin əlamətləri də 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, qusma və ishaldır. Virusun əlamətləri adi qripdə olduğu kimidir. İndiki virus da hər iki xəstəliyin əlamətlərini daşıyır. Indi biz bu virusun quş və ya donuz qripi olub-olmadığından da məlumatsızıq.
Virusun yeni ştamı H3N2-dir
Əgər bizim evdə uşaqdan böyüyə hər kəs bu virusa yoluxubsa, xəstəlik qohum-qonşudan yan keçməyibsə, qarşınıza çıxan 10 adamdan 7-sində xəstəliyin əlamətləri müşahidə olunursa, deməli vəziyyət qələmə verildiyindən də ciddidir. Ev döyüş meydanına yaxın qurulmuş səhra hospitalına bənzəyir. Bayramdan iki həftə əvvəl başlanmış xəstəlik indi də səngimək bilmir. Adi qrip olmadığı dəqiqdir, çünki qrip bu virusun yanında toya-bayrama getməlidir. Bu xəstəlik nə bəladırsa bədəndən çıxmır. Hətta çıxsa da "geri dönür”. Bunu söylənənlərə dayanaraq demirəm, faktla danışıram. Bizdə həmişə belə infeksiyaları evə uşaqlar məktəbdən gətirirlər. Çünki uşağı xəstə olan məktəbə göndərir, bizimkilər də ordan evə "daşıyrlar”. Yəni, xəstəliyin yayılma mənbəyi məktəblərdir. Xəstəlik iki sutka davam edən kəskin baş ağrısı ilə başlayır, titrətmə-qızdırma, öskürəklə davam edir, halsızlıq, əzələ, boğaz ağrısı, ürəkbulanma, qusma ilə müşaiyət olunur. Qızdırma 39 dərəcənin üstündədir.
Qonşu Türkiyəni də virus çuğlayıb. Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin məlumatına görə, müşahidə olunan virusun ştamı H3N2-dir ki, bu formullu virus böyrək çatışmazlığına gətirə bilən özəlliyə sahibdir. Elmi adı "influenza” (tərcümədə qrip) olan qrip virusu tənəffüs sisteminin selikli qişasını tutur. H3N2 qandakı leykositləri də tuta bilir.
Vəziyyət epidemiyanın nəzarətindədir
Baş epidemoloq ilginc bir açıqlama da verib. Deyib ki, "ölkədə xəstəliklərə Səhiyyə Nazirliyi nəzarət edir. İnsanları təşvişə sala biləcək xəstəliklərlə bağlı Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında diaqnostika aparılır. Lakin bu vaxta qədər Azərbaycanda H3N2-nin yayılması aşkarlanmayıb. Səhiyyə Nazirliyinin bütün xəstəliklər üzrə mütəxəssisləri var. Belə bir hal aşkarlansa, onunla barədə ilk məlumat bizdə olar. Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur”.
Bu ştam yenidirsə, səhiyyənin necə nəzarətində ola bilər? Hələ heç vaksini yoxdur və ümumiyyətlə ölkədə profilaktik tədbirlər görülmür. Deməli, rəsmi söylənənin əksinə, vəziyyət epidemiyanın nəzarəti altındadır. Bu dəfə durum həmişəkindən daha ciddi olsa da hökumət nədənsə karantinə ehtiyac duymadı. Heç təbliğat da aparmırlar. Demirlər ki, ay camaat, başqalarının ağzının içinə öskürməyin, küçənin ortasına iyrənc şəkildə tüpürməyin, burnuzunu əlinizlə silməyin. Halbuki, bunları etməməli olduğumuzu yaxşı bilsək də etməmək üçün onu ədəb-ərkan qaydaları kimi dəfələrlə duymağa ehtiyacımız var.
Sahə həkimləri xəstələri ilə maraqlanmır
Biz xəstələr sahə həkimlərini də evimizdə görmədik. Halbuki, Sahə həkim-terapevtin nümunəvi vəzifə Təlimatında onların, xüsusilə belə hallarda, bir sıra tədbirlər aparması nəzərdə tutulur. Təlimata görə, sahə həkim-terapevti ona təhkim edilmiş sahənin əhalisinə tibbi xidmət göstərir, sanitar-gigiyenik maariflənməni həyata keçirir, sağlam həyat tərzinin formalaşması məsələləri üzrə məsləhətlər verir, xəstələnmənin qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirləri, xəstəliklərin erkən və gizli formalarının, sosial əhəmiyyətli xəstəliklərin və risk faktorlarının aşkarlanmasını həyata keçirir, sağlamlıq məktəblərini təşkil edir və aparır. Sağlamlıq tədbirlərində xidmət etdiyi əhalinin tələbatını öyrənir və bu tədbirlərin aparılması proqramını işləyib hazırlayır. Pasiyentlərin dispanser müşahidəsini həyata keçirir. Müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən pasiyentlərin ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində bərpaedici müalicələrini təşkil edir və aparır. Kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz hallarda pasiyentlərə ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində təxirəsalınmaz tibb yardım göstərir. Pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirir.
Sahə həkimi müvafiq qaydada epidemiya əleyhinə tədbirləri və immunoprofilaktikanı təşkil edir və aparır. Müvafiq qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparır və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirir. Pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə göndərişlərinin zəruriliyi barədə rəy verir. Dövlət, bələdiyyə və özəl səhiyyə sistemlərinin tibb təşkilatları, tibbi sığorta kompaniyaları və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Əhalinin sosial müdafiəsi orqanları ilə birlikdə vətəndaşların ayrı-ayrı kateqoriyalarına - qulluğa ehtiyacı olan tənhalara, ahıllara, əlillərə, xroniki xəstələrə tibbi-sosial yardımı təşkil edir. İlkin tibbi-sanitar yardımını həyata keçirən orta tibb personalının fəaliyyətinə rəhbərlik edir. Tibbi sənədləşdirməni müəyyən edilmiş qaydada aparır, təhkim edilmiş əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil edir. Sahə həkim-pediatrın nümunəvi vəzifə Təlimatı da eynilə onun kimi. Əvvəllər yenə uşaqlar üçün evlərə gedirdilər. Amma bu gün nə qədər ehtiyacımız olsa da, təəssüf ki, sahə həkimləri üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər.
Azərbaycanda quş qripindən ölənlər olub
Biz bu xətəliyin acı nəticələrini sonralar eşidəcəyik. Necə ki, quş qripi haqqında gerçəkləri bu gün oxuyuruq. Səhiyyə Nazirliyinin saytında Azərbaycan Respublikasında Qrip Pandemiyasına hazırlıq üzrə Milli Plan var. Həmin plandan məlum olur ki, 2006-cı ildə Azərbaycanda quş qripindən dünyasını dəyişənlər olub. 2006-cı ildə baş vermiş Quş Qripi bölümündə yazılır ki, 2006-cı ilin fevralında Azərbaycan Respublikasında bir sıra ev və çöl quşlarından götürülən nümunələrdə iki ərazidə insanlar arasında A/H5N1 qrip virusu aşkar edildi və bu barədə 2006-cı ilin mart ayının ilk iki həftəsi ərzində Səhiyyə Nazirliyi tərəfindən ÜST-ün Avropa üzrə Regional Ofisinə məlumat verildi. 2006-cı il mart ayının 15-də bu cür halların araşdırılması və cavab tədbirlərinin görülməsi üçün beynəlxalq qrup tərəfindən Səhiyyə Nazirliyinə köməklik göstərildi. Aktiv şəkildə aparılan müşahidələr nəticəsində 6 ölüm halı daxil olmaqla 22 nəfərdə və 6 rayonda infeksiya riskinin olduğu müəyyən edildi. Araşdırmalar nəticəsində 8 nəfərdə A/H5N1 virusuna yoluxma halı ÜST-ün Qrip üzrə Əməkdaşlıq Mərkəzi tərəfindən təsdiq edilib və əlavə olaraq nümunələrin götürülməsi mümkün olmayan şübhəli bir hal da olub. Bu hallar bir-biri ilə əlaqəsi olmayan iki müxtəlif ərazidə - Salyan (laboratoriya tərəfindən təsdiqlənən 7 hal, dördü ölüm halı) və Tərtər (biri laboratoriyada təsdiqlənən, digəri isə güman edilən iki hal, hər ikisi də ölümlə nəticələnib) rayonlarında baş verib.
Bu virusdan yarım milyon adam ölüb
Şəxsən mən bu məlumatları oxumamışdım, bildiyimə görə Azərbaycanda quş qripindən ölüm halları rəsmi təsdiqlənməmişdi. Amma milli plandan bəlli olur ki, bu virus bizdə də ölümlə nəticələnib. O vaxt yəqin bir işlər görülüb ki, virus epidemiya halı almayıb. Amma bu dəfə nəyə görəsə milli plan işə düşmədi. Əvəzində ambulance-lar bayram günləri heç durmadı, hara baxdıqsa təcili yardım maşınlarını gördük. Adi gündə paytaxtda 2 min çağırış olduğunu deyirlər, amma bəlli ki, bu günlər çağırışlar 5-10 qatına qalxıb. Elə biz özümüz də xəstəxanaya müraciət etdik.
Milli planda çox dəhşətli bir fakt da yer alıb. Deyilir ki, bəşəriyyət tarixində ilk ən ağır qrip pandemiyası 1918-ci ildə İspaniyada baş verib. İspan Qripi A (H1N1) tipi ilə yayılıb və gənc nəsl arasında yüksək xəstələnmə və ölüm halları, klinik cəhətdən sübut olunan halların yüksək faizi (40 %) və əsasən sətəlcəmin ağır formaları ilə fəsadlaşmalarla müşayiət olunub. Bu pandemiya zamanı ölüm hallarının sayı 20 ilə 40 milyon arasındadır. İkinci pandemiya halı A (H2N2) virusunun törətdiyi və Asiya qripi adlanan xəstəlik 1957-ci ildə Çində baş qaldıraraq 6 ay ərzində bütün dünyanı bürüyüb. Ümumilikdə, əhalinin 40-50%-i onun təsirinə məruz qalıb və klinik əlamətlərin təzahürü halları isə 25-30 faiz olub. Ölənlərin sayı təxminən 1 milyon nəfərdir. 1968-ci ildə A (H3N2) virusunun səbəb olduğu Honq-Konq qripi pandemiyası yayılmağa başlayıb. Bu pandemiya dünyanın 30-40%-ni təsirə məruz qoymaqla 500 min insanın ölümünə səbəb olub.
Xərc tələb edən milli plan işə düşmür
Qrip pandemiyası milli səhiyyə xidməti üçün adi bir iş olmamalıdır. Milli strategiyada qrip viruslarının ötürülməsi və yayılmasının məhdudlaşdırılması üçün istifadə olunan tədbirlər sırasında yoluxmuş ailələrin evlərində mütəmadi dezinfeksiyanın aparılması da var. Lakin, SN ölkədə epidemiyanın mövcudluğunu qəbul etmədiyindən bu tədbirlərə də ehtiyac duymur. Nəinki evdə, heç yaşadığımız binada belə dezinfeksiya işlərinə rast gəlmədik. Epidemiya və ya pandemiyanın olduğunu Ümumdünya Səhiyyə Təşkilatının xəbərdar etdiyi bildirilir, amma statistika düzgün verilmədikdən sonra ÜST bizim ölkədə belə bir epidemiyanın olduğunu necə hesablasın?
Əslində, epidemiya və ya pandemiyanı qəbul etmək bir xeyli vəsait xərcləməyə hazır olmaq deməkdir. Lakin, SN rəhbərliyi hər il səhiyyəyə ayrılan milyardlardan qıyıb xalqa xərcləmək istəmədiyi üçün durumu da etiraf etməyə ehtiyac duymur. Palana görə dərmanlar əvvəlcədən ehtiyat halında saxlanılarsa, pandemiya zamanı dərman təchizatında problem yaranmır. Səhiyyə Nazirliyi dərmanların ehtiyat halında saxlanılması və onların lazımi qaydada paylanılmasına cavabdehdir. Lakin, bu da baş vermədi. Apteklərdə ciddi dərman qıtlığı hələ də yaşanır. Müraciət edənlərin sayı artsa da əczaçılar 5 dərmandan 4-nün olmadığını deyirlər. Olanların da qiyməti dolların kursuna uyğun günbəgün bahalanır...