Azərbaycanda müğənnidən hədə-qorxu ilə pul alan şəxslər apellyasiya şikayəti verdi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
AZTB.info-nun APA-ya istinadla xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı oktyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, Ə.Quliyev, A.Məmmədov, V.Bağırovun hər biri 10 il, G.Xəlilov 12 il, İ.Həsənov isə 12 il müddətində azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.
Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar. Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.