Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.İmanov adına 1 saylı və N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Azadmedia.az xəbər verir ki, hər iki tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cərbayıl Əhmədov narkotik vasitələrin məhvedici təsirləri barədə geniş məlumat verərək, bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən, asılılıq yaradaraq mənəvi aşınmaya səbəb olduğundan danışıb. Bildirib ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, məktəblilərə təhsilləri barədə məsləhətlər veriblər.
Görüşlərin sonunda şagirdlərə narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.