Türkiyə ərazisində yağan aramsız leysan yağışları bir sıra fəsadlar törədib.
Azadmedia.az xəbər verir ki, bu gün gecə saatlarından ölkə ərazisində təsirini artıran leysan yağışlar çayların daşmasına, ev, iş yeri və əkin sahələrini su basmasına, eləcə də yollarda yaranan irimiqyaslı gölməçələr səbəbindən nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub.
İstanbulda gecə saatlarından başlayaraq yağan aramsız yağış səbəbindən şəhərin mərkəzi küçələri də daxil olmaqla bir sıra yollarda irimiqyaslı gölməçələr yaranıb ki, bu da nəqliyyatın və piyadaların hərəkətində çətinliklər törədib.
Türkiyənin turistik bölgələrindən olan Muğla vilayətində də analoji hal müşahidə edilir. Vilayətdə yağan aramsız leysan yağışları nəticəsində Köyceyiz rayonunda yerləşən eyni adlı göl daşıb. Nəticədə bir çox ev və iş yerini su basıb, yollarda irimiqyaslı gölməçələr yaranıb. Bölgədə əsən güclü külək dam örtüklərini uçurub.
Türkiyənin Ədirnə vilayətində də son bir həftə ərzində yağan yağış və dağlarda qarın əriməsi səbəbindən axın səviyyəsi on dəfədən çox artan Ergene çayı yatağından çıxaraq ətrafa ərazilərə istiqamətlənib, bəzi kənd yollarında hərəkət dayandırılıb.
Hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.