Dünən axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlarda dəm qazından zəhərlənmə halları baş verib və təcili yardıma fasiləsiz olaraq çağırışlar daxil olub.
Bunu Trend-ə Mingəçevir şəhər təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin rəhbəri Allahverdi Alıyev deyib.
O qeyd edib ki, təcili yardım briqadaları fasiləsiz olaraq sürətlə hərəkət ediblər və vaxtında hadisə yerlərinə çataraq xəstələri təcili yardım şöbəsinə gətiriblər.
“Bütövlükdə xəstələrin sayı 15 nəfər olub, onlardan 8 nəfəri qadın, 2 nəfəri kişi, 5 nəfəri isə uşaq olub. Bir nəfər dializ xəstəsi idi. Onun vəziyyəti nisbətən ağır olduğuna görə bir neçə saat əlavə yardıma ehtiyacı oldu və o da sağalma ilə evə yazılıb.
Bütün xəstələr evə buraxılıb, heç bir ağırlaşma və ölüm halı baş verməyib. Onların əksəriyyəti hamamda yuyunarkən, bir neçəsi isə mətbəxdə yemək bişirərkən dəm qazından zəhərləniblər”, - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.