Daxili İşlər Nazirliyi (DİN) Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində yerləşən məktəblərdən birində təhsil alan qıza müxtəlif bədən xəsarətlərinin yetirilməsinə dair məlumat daxil olub:
"Polis əməkdaşları dərhal məktəbə gedib. Müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, şagirdə öz sinif yoldaşı olan qız tərəfindən boyun və kürək nahiyəsindən bıçaq xəsarəti yetirilib. Faktla bağlı Gəncə ŞBPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, xəsarət alan məktəbli qız xəstəxanaya yerləşdirilib.
Murad İbrahimli
***
13:11
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə 8 nömrəli şəhər tam orta məktəbində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.
Qeyd edək ki, xəsarət alan məktəblinin vəziyyəti orta ağırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.