Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində genişlənməsinə imkan verillmədən qısa müddətdə söndürülüb.
Xəbər verildiyi kimi, bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının altımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə qonşu mənzillərə keçməsinə imkan verilməyib.
İlkin məlumata əsasən, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40m² olan birotaqlı mənzilin yanar konstruksiyaları 16m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı və 2p.m. plastik boru əriyib, 1 nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış operativ araşdırmalarla yanğının saçqurudan fenin elektrik şəbəkəsinə qoşulu qoyularaq nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.