"Ağıllı olun, gəlib sizi evinizdən apararlar" - "Lotu Quli" İsgəndər Həmidova nə demişdi?
Azərbaycanın sabiq daxil işlər naziri İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə,”İstiqlal” qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Yenicag.az xəbər verir ki, o, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Sabiq məhkumun söhbəti:
“Lotu Quli” ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı. Deyim ki, Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində “paqon” daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki “katyol”da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, “sutka” yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb, ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, “bu hərəkətin adı nədir?” İsgəndər Həmidov cavab verdi ki, “adamlar orda acından ölür, sən burda ərzağı xarab edirsən”.
Qobustan həbsxanasında olanda bir dəfə “gəzintidə” maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. “Lotu Quli”də qayıtdı ki, “niyə elə etmisiz, bəy? Axı ora “praqon” altındadır. Ora “obyavka” olunan “qad”ların kamerasıdır”.
Qeyd edək ki, “obyavka” məhbusların statusunun bəyan edilməsidir. “Qad”lar isə hətta üzdəniraqlardan aşağıdır. Zonda ən alçaq, əclaf, yaramaz insanları “qad” adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz. Təsəvvür edin: üzdəniraqlarla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr vermək olar. Amma “qad”larla heç bir ünsiyyət olmaz.
İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. “Quli” elə deyəndə, Həmidov bildirdi ki, “mən “paqon” olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır”.
Bəzən “bratva” kameraları aclıq aksiyaları keçirirdi. O zaman İsgəndər Həmidov da həmin aksiyalara qoşulurdu. Siyasi kameralara da xəbər göndərirdi. “Quli” isə bunu istəmirdi. Deyirdi, “etməyin, yaşlı adamsız”. O isə “mən də məhbusam. Məhbusların hüququndan ötrü hər şeyə hazıram”.
Heç bir yerdə “karser”ə salınanların başını sığallamırlar. Günahı ciddidirsə, döyürlər. “Quli” məhkumların “karser”də döyülməsinə qarşı idi. Onun 6-cı zona təzə gəldiyi vaxt idi. Bir gəncəli balasına sillə vurmuşdular. “Lotu Quli” əməliyyatçıları rəisin otağına yığıb dedi: “Ağıllı olun, bir də belə şey etməyin. Deyərəm, gəlib sizi evinizdən apararlar”.