Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb. Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Arşadırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.