“Meyitləri manqalda odunla qarışdırıb, yandırdım” — Azərbaycanda 21 yaşlı qatilin şok əməlləri - FOTOLAR
Neftçalada atasını öldürən şəxs daha sonra taksi sürücüsünü də qətlə yetirib. Qətlin hansı səbəbdən törədilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Redaksiyamız xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, atasını öldürən şəxs taksi sürücüsünün hadisədən xəbərdar olduğunu bilib. Məlumata görə, mərhum taksi sürücüsü qatili şantaj edrək ondan pul tələb edib. Bundan sonra atasını öldürən şəxs taksi sürücüsünü də öldürməyə qərar verib.
21 yaşında ata qatili...
Qətli törədən 1992-ci il təvəllüdlü Emil Heybətov artıq həbs edilib. Ancaq Emil Heybətov ilk olaraq atasının qətlində təqsirli bilinir. Belə ki, o, anası Tükəzban Heybətova və bacısı ilə birgə 2013-cü ildə atasını qətlə yetirib.
Ailə münaqişəsi zəminində 1961-ci il təvəllüdlü Aydın Heybətovu qətlə yetirdikdən sonra meyiti yandıraraq külünü Kür çayına atıblar.
Ana, oğul və qızın birgə cinayəti...
İstintaq araşdırması zamanı Aydın Heybətovun ailə üzvləri tərəfindən hansı səbəbə görə öldürülməsi üzə çıxıb. Məlum olub ki, Aydın Heybətovu oğlu Emil güllələyərək öldürüb. O, atasına ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.
Qətlə yetirilən Aydın Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün Aydın Heybətov toyun təxirə salınmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri Aydın Heybətovun bu təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Ata ilə ananın münaqişəsinə ailənin kiçik oğlu Emil də qoşulub.
O, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb. Aydın Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun Mahaçqalaya işləməyə getdiyini deyiblər. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar, sonra da toy ediblər.
Taksi sürücüsünün qətli...
Əldə etdiyimiz məlumata görə, 21 yaşında əlini ata qanına bulayan Emil cəsədin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisəyə şahidlik edib. İlkin ehtimal da budur ki, bu şahidlik taksi sürücüsünün ölümünə səbəb olub.
Ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, taksi sürücüsü Kamal Rüstəmov atasını qətlə yetirən Emili şantaj edərək ondan bir neçə dəfə pul tələb edib. Şantajdan və pul tələbindən bezən Emil taksi sürücüsünü də qətlə yetirmək qərarına gəlib.
Beləliklə Emil 2014-cü ilin fevralında növbəti qətli törədib.
Xatırladaq ki, 2014-cü ildə rayonun Yuxarı Qaramanlı kənd sakini Kamal Rüstəmovun maşınının yandırılması, özünün isə itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.
Bir neçə gün əvvəl isə Kamal Rüstəmovun da Emil Heybətov tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, Emil atasının qətlindən bir neçə ay sonra taksi sürücüsünü də öldürüb, mərhumun maşınını yandırıb və cəsədini Bakıya gətirib. Əvvəl meyitin Sabunçu rayonu ərazisində, Balaxanı küçəsindəki kirayədə yaşadığı evin həyətində basıdırdığı ehtimal edilsə də, sonradan məlum olub ki, Emil meyiti həyətdə basdırmayıb. O, taksi sürücsünün də cəsədini eyni ilə atasının cəsədi kimi yandırıb. Bu gün polis əməkdaşları Emilin kirayədə yaşadığı evə baş çəkiblər və cəsədin axtarışına başlayıblar.
Musavat.com-un əməkdaşı da cəsədin gətirildiyi evdə olub. Əməkdaşımızın əldə etdiyi məlumata görə, polislərin hadisə yerinə baxışı zamanı qətli törədən Emil baş verən dəhşətli qətlin təfərrüatlarını danışıb.
Emil taksi sürücüsünün cəsədini manqalda oduna qarışdıraraq yandırdığını və külün bir hissəsini evin həyətinə, bir hissəsini də küçəyə tökdüyünü etiraf edib.
“Cəsədi maşınla bu evə gətirdim. Həyətdə manqalda hissə-hissə yandırdım. Külünü də ayrı-ayrı yerlərə tökdüm”, - deyə Emil bildirib.
O da məlum olub ki, Emil bu ünvanda tək yox, 3 nəfərlə birlikdə yaşayıb. Onlar Bakıda tikintidə və bazarda fəhlə işləyirmişlər.
Mənzil sahibinin sözlərinə görə, Emil və hadisəni törətdiyi deyilən digər şəxslər 2014-cü ildə onun evində kirayədə yaşayıblar. Sadəcə 23 gün kirayəşin qaldıqları evi sonradan tərk edən Emil və dostları evin pulunu belə ödəməyiblər. Hazırda evdə başqa bir ailə yaşayır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, evin həyətindən cəsədin külünün töküldüyü yer qazılsa da polis əməkdaşları sadəcə kiçik sümük parçasından başqa heç nə tapa bilməyiblər. Həmin sümük parçasının mərhuma aid olduğu ehtimal edilir.
Emilin yanında olan 3 nəfərin nə səbəbdən saxlanılmasına gəlincə, ehtimallara əsasən, mərhumu son görən elə məhz bu şəxslər olub. Ehtimal edilir ki, həmin şəxslər mərhumu evindən çağırıblar və taksi sürücüsünün bundan sonra itkin düşdüyü haqda məlumat yayılıb.