Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Mirzəli Abbasovun sədrlik etidiyi hakimlər heyəti eyni məhkəmənin qəbul etdiyi əvvəlki qərarı ləğv edib.
Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.