Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.
Onun kənd ərazisində işlətdiyi kafeyə keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, yaşadığı ünvanın yaxınlığından keçən Kür çayının sahilinə keçirilən baxış zamanı isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 29 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.