“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo” xəbər verir ki, bugünkü iclasda təqsirləndirilən şəxslə bağlı ekspert rəyi elan olunub.
Bir neçə ay əvvəl Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq müvəkkilinin hadisə törədən vaxt anlaqlı vəziyyətdə olub-olmadığını müəyyən ettmək üçün təkrar ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin edib, yeni ekspertiza açıqlanana kimi prosesi təxirə salmışdı.
Yeni ekspert rəyində qeyd olunub ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı vəziyyətdə olmayıb. Bu əsasla verilmiş rəy hökm qəbul olunarkən nəzərə alınmalıdır.
Qeyd edək ki, Ə. Qalabəyli özündən 13 yaş böyük ərini kirayə yaşadıqları evdə bıçaqlaraq öldürməkdə təqsirləndirilir. O, məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.