AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəzi "Facebook" profilləri barədə cinayət işi başlandı — Prokurorluqdan açıqlama

  • + A
  • - A
  • 10-07-2018, 11:27

    Bəzi "Facebook" profilləri barədə cinayət işi başlandı — Prokurorluqdan açıqlama














    Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
    “Ölkə.Az”a daxil olan açıqlamada bildirilib ki, 2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

    Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

    Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.

    Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

    Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
    Göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 3-6 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

    Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

    Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

    Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq ediliblər.

    “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

    Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”, “twitter”, “instagram” və s.) “Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR