Azərbaycan erməniyə qalib gəldi, Avropa çempionu oldu
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb.
Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar.