Dünyanın müxtəlif ölkələrində, xüsusilə də İtaliyada zaman-zaman “1 avroya evlər satılır” xəbərləri gündəmə gəlir. Belə layihələrin əsas məqsədi ucuz mənzil satmaq deyil, əhalisini itirən kənd və kiçik şəhərlərə yeni sakinlər cəlb etməkdir.
Son olaraq İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq yeni sakinlərin cəlb edilməsinə başlayıb. Proqram həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır. Müraciətlər Naro bələdiyyəsinin layihə üçün yaratdığı onlayn platforma vasitəsilə qəbul edilir.
Lakin 1 avroya ev almaq heç də həmin evə 1 avro xərcləməklə sahib olmaq demək deyil. Siyahıya daxil edilən əmlakların əksəriyyəti təmirə ehtiyac duyur, bəzilərində isə ciddi bərpa işləri tələb olunur. Buna görə də alıcı təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır. Bundan əlavə, tikilinin təhlükəsizlik standartlarına uyğunlaşdırılması, layihənin hazırlanması və tarixi binaların qorunması ilə bağlı tələblərə əməl olunması vacibdir.
Bəs İtaliya və digər ölkələr bunu niyə edir?
Səbəb sadədir: dünyanın bir çox ölkəsində kəndlər, qəsəbələr və kiçik şəhərlər sürətlə boşalır. İnsanlar böyük şəhərlərə köçür, kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərin sayı azalır. Nəticədə dövlətlər kəndlərə qayıdışı stimullaşdırmaq üçün müxtəlif proqramlar həyata keçirir, güzəştlər verir, faizsiz və ya aşağı faizli kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmanı asanlaşdırır, bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyirlər.
Azərbaycan da bu prosesin təsirlərindən kənarda deyil. Kəndlərdə və rayonlarda əhali azalır, insanlar əsasən Bakı və Abşeron istiqamətində məskunlaşmağa üstünlük verirlər. Bunun səbəbi yalnız gəlir və maddi vəziyyətlə bağlı deyil. Kəndlərdə və rayonlarda mədəni həyatın, əyləncə imkanlarının məhdud olması, biznes qurmaq üçün şəraitin yetərli olmaması, xidmət və infrastruktur imkanlarının böyük şəhərlərlə müqayisədə zəif qalması da insanların köç qərarına təsir edir.
Ona görə də şəhərdən kəndə və qəsəbəyə köçmək istəyən insanlara xüsusi yanaşmaq lazımdır. Aqrar sahədə işləmək, kənddə biznes qurmaq, istehsal yaratmaq istəyən vətəndaş dövlətin diqqət mərkəzində olmalıdır.
Kəndlərdə yaşayan və çalışan insanlar üçün kommunal xidmətlərdə xüsusi güzəştlərin tətbiqi, istehsal sahəsi yaratmaq istəyən sahibkarların texniki şərtlərə və kommunal xidmətlərə qoşulmasının mümkün qədər pulsuz və ya ciddi güzəştlərlə həyata keçirilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər.
Bu məsələyə bu gündən strateji yanaşmaq lazımdır. Bəlkə də 15-20 il sonranı düşünmək hökumət üçün uzaq perspektiv kimi görünə bilər. Amma biz məhz bu gün qərarlar verməliyik ki, 15-20 ildən sonra boşalmış kəndlər və rayonlarla üz-üzə qalmayaq.
Əks halda, kənd təsərrüfatı məhsullarına, ət və digər ərzaq məhsullarına tələbatımızı gələcəkdə qonşu ölkələrdən idxal etməyə daha çox ehtiyac yarana bilər.
Bu gün ölkə əhalisinin böyük hissəsinin Abşeron iqtisadi rayonunda cəmləşməsi artıq ciddi siqnaldır. Proses bu istiqamətdə davam edərsə, gələcəkdə demoqrafik və iqtisadi yükün daha da böyük hissəsi Bakı və Abşeronun üzərinə düşə bilər.
Kəndi qorumaq təkcə kənd təsərrüfatını qorumaq deyil. Bu, ölkənin ərzaq təhlükəsizliyini, regional inkişafı, demoqrafik tarazlığı və gələcək iqtisadi dayanıqlığını qorumaq deməkdir.
P.S. Fotoda Siciliyada 1 avroya evlərin satışa çıxarıldığı tarixi Naro şəhəridir.
Məqalə Nafiq Cəsərliyə məxsusdur