ABŞ və Çin kənd təsərrüfatı məhsulları sahəsində ticarət əlaqələrini inkişaf etdirmək barədə razılığa gəliblər. Bu barədə Çinin Ticarət Nazirliyinə istinadən TASS məlumat yayıb.
Noyabrın 23-24-də Pekində Çin-ABŞ Ticarət Şurasının kənd təsərrüfatı üzrə işçi qrupunun ilk iclası keçirilib.
Görüş zamanı tərəflər kənd təsərrüfatı məhsullarına nəzarət, onların qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar məhsulların ticarətinin təşkili məsələlərini ətraflı müzakirə ediblər.
Çinin Ticarət Nazirliyinin açıqlamasında bildirilib ki, müzakirələr açıq, ətraflı və konstruktiv şəraitdə aparılıb.
Qeyd olunub ki, Vaşinqton və Pekin hər iki ölkənin kənd təsərrüfatı sektorunun nümayəndələrini narahat edən məsələlərin həlli istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Xatırladaq ki, noyabrın 24-də The Wall Street Journal qəzeti ABŞ-ın cari həftə ərzində Çin, Avropa İttifaqı ölkələri və daha 14 dövlətin məhsullarına tətbiq olunan gömrük rüsumlarını artıracağını elan etməyi planlaşdırdığı barədə məlumat yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.