Paytaxtın Xətai rayonu, Xocalı prospekti, Lütfi Zadə küçəsində yerləşən “Xətai - 22” MMC-ə məxsus çoxmərtəbəli yaşayış binasında təbii qazdan qanunsuz istifadəyə dair şübhəli məqamlar üzə çıxıb. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bununla bağlı reyd keçiriblər. 354 mənzildən ibarət olan binanın 34 mənzilində yaşayış yoxdur. 288 mənzilə isə sayğac quraşdırılıb və abonentlər rahatlıqla mavi yanacaqdan istifadə edir. Digər 32 mənzildə isə sayğac quraşdırmadığı halda sakinlərin kənar müdaxilələr vasitəsi ilə təbii qazdan istifadə etmələri barədə şübhəli məqamlar var. Birliyin əməkdaşları dəfələrlə bu mənzillərə baxış keçirmək istəsə də, mənzil sahibləri qapını açmayıblar. Birliyin Bakı Regional Qazın Satışı Departamentindən verilən məlumata görə 34 mənzilin sahibinə 3 iş günü ərzində mənzil daxilinə baxışın keçirilməsi üçün şərait yaradılması barədə son xəbərdarlıq edilib. Bu gün ilin axır çərşənbələrindən daha biri qeyd edildiyindən, bayram günündə binanın qaz təchizatı dayandırılmayıb.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamenti hüquq-mühafizə orqanlarına və binanın tikinti şirkətinə müraciət ünvanlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.