Martın 19-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
İclasa işçi qrupun rəhbəri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov sədrlik edib.
Tədbirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin Baş İdarə və idarə rəisləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və konsaltinq şirkətlərinin nümayəndələri və gömrük təmsilçiləri qatılıb.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov ötən il uğurlu nəticələrin əldə edildiyini, cari il üçün də konkret hədəflər istiqamətində tədbirlər planının təsdiq olunduğunu diqqətə çatdırıb. Gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük rəsmiləşdirilməsi və sərhədkeçmə proseslərinin sadələşdirilməsi sahəsində mühüm addımların atıldığını bildirən İsmayıl Hüseynov əldə edilən uğurlu nəticələrin biznes nümayəndələri tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Sərhəddə ticarət” işçi qrupu tərəfindən yanvar ayında təsdiq olunan tədbirlər planına uyğun şəkildə mühüm addımların atıldığını və görülən işlərin biznes nümayəndələri, konsaltinq şirkətləri ilə müzakirə olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, gömrük prosedurlarının sadələşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə görülən işlərdən, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi, gömrük təmsilçiliyi institutunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük təmsilçiliyi və “elektron pəncərə” sistemi haqqında xüsusi təqdimatlarla çıxış ediblər.
Sonda tədbirlər planının müvafiq bəndləri üzrə müzakirələr aparılıb.