Azərbaycan yalnız bu ölkələrdən donuz əti idxal edir — SİYAHI
Azərbaycan sonucu dəfə Estoniya və Latviyada Afrika taununun aşkarlanması barədə məlumatlandırılıb.
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan donuz ətini Avstriya, Belçika, Böyük Britaniya, İspaniya, Niderland, Gürcüstandan, donuz piyini isə Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Kanada və Niderlanddan idxal edir. Rusiyanın epizootik vəziyyətin sabit olduğu ərazilərindən isə həm donuz əti, həm də donuz piyi idxal edilir.
Adları qeyd olunan ölkələrdə donuzlar arasında epizootik vəziyyətin sabit olduğunu deyən Y.Xanvəli Azərbaycanın hazırda Afrika taununun aşkarlandığı heç bir ölkədən donuz əti və donuz piyi idxal etmədiyini açıqlayıb.
Y.Xanvəli Zaqatala, Qəbələ rayonlarında, Bakı ətrafı ərazilərdə və s. yerlərdə mövcud olan donuzçuluq təsərrüfatlarında epidemioloji vəziyyətin normal olduğunu və heç bir problemin olmadığını da söyləyib.
Y.Xanvəli əlavə edib ki, Azərbaycanda donuzlar arasında Afrika taunu 2008-ci ildə Qəbələnin Nic qəsəbəsində aşkarlanmışdı. Həmin vaxt xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb və 3 il müddətinə karantin elan edilib. Bundan sonra isə donuzların yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilib.